Baş nazir Azərbaycana təşəkkür etmək üçün Bakıya gəlir
İtaliyanın baş naziri Enriko Leta Azərbaycana səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə baş nazir “New Europe” qəzetinə müsahibəsində bildirib.
Səfər zamanı E.Leta TAP qaz kəməri ilə əlaqədar məsələləri müzakirə edəcək. Onun sözlərinə görə, İtaliyanın sənaye siyasəti bu layihə ilə sıx bağlıdır: “TAP gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu, bizim ölkə üçün böyük uğurdur. Mən tezliklə Azərbaycan hökumətinə təşəkkür etmək, eləcə də layihənin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün Bakıya gedəcəyəm. Bu seçim bizim üçün təkcə enerji nöqteyi-nəzərindən dəyərli deyil, həm də strateji əhəmiyyətə malikdir. Çünki Qafqaz dünyanın dinamik inkişaf edən regionlarından biridir. Əgər söhbət yeni iş yerlərinin açılmasından gedirsə, TAP layihəyə cəlb olunmuş bütün ölkələrə və şirkətlərə böyük təsir göstərəcək”.
Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.
2463