ABŞ prezidenti Barak Obama Misir ordusunu hakimiyyəti mümkün qədər tez demokratik yolla seçilmiş mülki hökumətə verməyə çağırıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Ağ Ev uyğun bəyanatla çıxış edib.
“Biz ümid edirik ki, hərbçilər qeyri-müəyyənlik dövründə azad toplaşma və ədalətli məhkəmə kimi hüquqlar da daxil olmaqla bütün misirlilərin hüquqlarına riayət olunmasını təmin edəcəklər”, deyə bəyanatda deyilir.
Obama deyib: “Mən Misir ordusunu qısa bir zamanda və məsuliyyətlə bütün hakimiyyəti bərabər hüquq şəffaflıq əsasında demokratik yolla seçilmiş mülki hökumətə təhvil verməyə çağırıram”.
ABŞ prezidenti hərbçiləri əsas olmadan prezident postundan kənarlaşdırılmlş Məhəmməd Mursini və onun tərəfdarlarını həbs etməkdən çəkinməyə çağırıb.
Misir KİV-in məlumatına görə, təhlükəsizlik qüvvələri “Müsəlman qardaşlar” hərəkatının 300 üzvünün həbs olunmasına dair göstəriş verib. Məhəmməd Mursinin özü isə Hərbi Kəşfiyyat Baş İdarəsinin mənzil-qərargahına aparılıb.