Astarada kəndlərin problemlərinə diqqət artıb
20 iyul 2013 20:01 (UTC +04:00)

Astarada kəndlərin problemlərinə diqqət artıb

Azərbaycanın Astara rayonunun dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrinin problemlərinə diqqət artıb.

 

APA-nın Cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərlərinin dağ kəndlərinin sakinləri ilə yerlərdə mütəmadi xarakter daşıyan görüşləri bir sıra vacib məsələlərin həllinə səbəb olub.

 

İcra başçısının növbəti görüşü Pəlikəş inzibati ərazi dairəsinə daxil olan Şümrüd və Düriyyə kənd əhalisi ilə baş tutub. Bildirilib ki, Şümrüd kəndində 148 təsərrüfatda 896, Düriyyə kəndində 142 təsərrüfatda 876 nəfər əhali yaşayır. Hər iki kənd rayon mərkəzindən 35 km aralı ucqar dağlıq ərazidə yerləşir. Sıldırım qayaların döşünə səpələnmiş evləri yaşıllıqlar görünməz edir. Bu sərt təbiətin qoynunda məskunlaşan əhali heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olmaqla gün-güzəranını qurublar.

 

Şümrüd kənd sakinlərindən ağsaqqal Həsən Zülfüqarov, birinci qrup hərbi əlil Zamiq Ağayev, Xutkar Zülfüqarov, Düriyyə kənd sakinlərindən Məmmədhüseyn Dadaşov, Sahil Əhədov, Nüsrət Dadaşov və başqaları çıxışlarında son on ildə əraziyə gələn icra başçılarının onlarla yalnız qonşu Pəlikəş kəndində görüşdüklərini qeyd edərək, icra başçısının onlarla görüşünü yüksək dəyərləndiriblər. Son aylarda dağ kəndlərinə, o cümlədən Pəlikəş kəndinə gələn yolların əsaslı təmirini dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qeyd edən sakinlər buna görə ölkə başçısı İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirməklə, qarşıdan gələn prezident seçkilərində yalnız ona səs verəcəklərini birmənalı olaraq söyləyiblər.

 

Sakinlər həmçinin Deqədi-Pəlikəş yolundan bu kəndlərə ayrılan 6 km-lik yolun əsaslı təmiri, Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, elektrik xətt təsərrüfatının təmiri, Düriyyə kəndində ümumi orta məktəbin açılmasının vacibliyi barədə təkliflərini də dilə gətiriblər.

 

İcra başçısı Q.Ağayev yerli sakinlərin çıxış və təkliflərini dinləyərək sovet dönəmində rayonda birtipli layihə əsasında cəmi on-on beş məktəb binasının tikildiyini, hazırda isə yeni tikilən və əsaslı təmir olunan məktəb binalarının sayının 30-dan çox olduğunu, bunların da əksəriyyətinin çətin relyef şəraiti olan kəndlərdə yerləşdiyini bildirib. Görüşdə söylənən fikirlərə aydınlıq gətirən Q.Ağayev yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, yeni məktəb binasının tikintisi ilə yanaşı, eyni zamanda daha böyük layihələrin bu ucqar dağ kəndlərində tədricən reallaşacağını tam əminliklə onların nəzərinə çatdırıb.

 

Daha sonra icra başçısı Şümrüd kənd tam orta məktəbin tədris binası, kənd həkim məntəqəsi və klubla tanış olaraq, tövsiyə və tapşırıqlarını verib.

 

Rayon mərkəzinə qayıdarkən Q.Ağayev Pəlikəş yolunda çay üzərində yeni inşa edilmiş körpüyə də baxış keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 936
avatar

Oxşar yazılar