ABŞ Konqresi İran qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, həmin sənəd üzərində konqresin aşağı və yuxarı palataları işləyir.
İrana qarşı yeni sanksiyaların «qara siyahısına» ölkənin dağ-mədən və tikinti müəssisləri daxil ediləcək, habelə 2015-ci ilədək İslam Respublikasının neft ixracının tamamilə dayandırılması nəzərdə tutulur.
Nümayəndələr palatası bu qanun layihəsini avqust tətilinədək qəbul edə bilər. Bunu İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə «hədiyyə» kimi də dəyərləndirənlər var.
İran Xarici İşlər Nazirliyi 14 iyunda keçirilən seçkinin nəticələrinə əsasən prezident olmuş Həsən Ruhaninin avqustun 4-də keçiriləcək andiçmə mərasiminə Tehran hakimiyyətinin «böyük şeytan» adlandırdığı ABŞ və Avropa Birliyinin təmsilçilərini də dəvət etdiyini açıqlayıb.