ABŞ dövlət katibi Con Kerri Yaxın Şərq, Avropa və Asiyaya 9 günlük səfərə çıxıb. Gəldiyi ilk ölkə Türkiyə olub. Lent. az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, İstanbulda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Hər iki görüşdə əsas yeri Suriya başda olmaqla, Yaxın Şərqdəki hadisələr tutub.
Mətbuat konfransında Yaxın Şərqdəki sülh prosesi çərçivəsində atılmalı olan konkret addımlarla bağlı müzakirələr aparıldığı bildirilib. Davudoğlu ən qısa müddətdə "Suriyanın dostları" qrupunun dar çərçivəli toplantısını keçirməklə bağlı razılığa gəldiklərini, bunun üçün hazırlıqlara başlayacaqlarını deyib.
Ə. Davudoğlu Türkiyənin Fələstinlə bağlı mövqeyini də Kerriyə çatdırıb.
ABŞ dövlət katibi isə Türkiyədə terrorun ortadan qaldırılması üçün göstərilən səylərə toxunub: "Türkiyə hökumətinin səylərinə heyranıq. Onlar böyük səy göstərdilər. PKK-nın tərksilah olma qərarını müsbət qarşılayırıq. Hörmətli nazir və mən terrorla mübarizədə qərarlıyıq. Sülh prosesi Türkiyənin də, bölgədəki dövlətlərin də həyatını dəyişdirə bilər. "