ABŞ Dövlət Departamenti: “TAP Azərbaycanın nəhəng uğurudur”
29 iyun 2013 11:38 (UTC +04:00)

ABŞ Dövlət Departamenti: “TAP Azərbaycanın nəhəng uğurudur”

ABŞ hesab edir ki, TAP (Trans-Adriatik Pipeline) qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək və ümumilikdə qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcək.

 

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrell bildirib.

 

Onun sözlərinə görə, «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün TAP kəmərinin seçilməsi Azərbaycanın nəhəng uğuru və Xəzər qazını avropalı istehlakçılara çatdıracaq Cənub Qaz Dəhlizinin reallaşdırılması yolunda böyük addımdır. ABŞ bu məqsədi ciddi dəstəkləyir”.

 

P.Ventrell qeyd edib ki, TAP-ın tikintisi Üçüncü Enerji Paketi çərçivəsində qaz nəqli marşrutlarını diversifikasiya etməyi və rəqabəti artırmağı qərara almış Avropanın marağındadır: “Dövlət Departamentində hesab edirlər ki, TAP Avropanın enerji təhlükəsizliyinə yardım edəcək və tədarükçülər arasında rəqabəti artıracaq. Eyni zamanda TAP enerji resurslarına qlobal tələbatı ödəməyə də imkan verəcək”.

 

Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

 

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

 

Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 970
avatar

Oxşar yazılar