ABŞ-ın Əfqanıstanın Herat şəhərindəki Konsulluğuna hücum zamanı azı 4 nəfər ölüb.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf terror zamanı 3 mühafizəçinin həlak olduğunu açıqlayıb. Səfirliyin əfqan tərcüməçisi də ölüb. 18 nəfər yaralanıb. Konsulluğun amerikalı əməkdaşlarından zərər çəkən olmayıb.
Terrorçular konsulluğun 60 metrliyində içərisinə bomba yerləşdirilmiş avtomobili partladıblar, daha sonra konsulluğu mühafizə edən təhlükəsizlik qüvvələri ilə döyüşə başlayıblar. Lakin onlar konsulluğun içərisinə girə bilməyiblər. Olayın məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.