ABŞ-ın Konnektikut ştatında avqustun 9-da təyyarə qəzasının baş verdiyi ərazidə yanğınsöndürənlər 4 həlak olan şəxsin cəsədini aşkarlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nyu Cersi aeroportundan havaya qalxan 10 nəfərlik yüngül mühərrikli təyyarə Nyu Haven şəhərində iki yaşayış evinə düşüb.
Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Entoni Moskatonun sözlərinə görə, qəza nəticəsində təyyarədə olan “Microsoft” şirkətinin keçmiş top-meneceri Bil Xenninqsqard və onun oğlu həlak olublar. Bundan başqa təyyarənin düşməsi nəticəsində uçmuş yaşayış evində iki sakin ölüb.
Qəza nəticəsində iki uşaq daxil olmaqla 6 nəfərin öldüyü ehtimal olunur.
“Microsoft” şirkətinin keçmiş top-menecerin yaxınlarının sözlərinə görə, təyyarəni Bil Xenninqsqard özü idarə edib. Məlumata görə, Xenninqsqard bundan öncə də təyyarə qəzasına düşüb. Belə ki, 3 il əvvəl onun təyyarəsi Kolumbiya çayına məcburi eniş edib. Xenninqsqard anası ilə birgə təsadüfən hadisə yerində olan qayığın sərnişinləri tərəfindən xilas olunmuşdur.