«Qərb dövlətləri müxalifətə Suriyadakı rejim başçısı Bəşar Əsədin ordusuna zərbələr enidərcəyini boyun olub». Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Röyter» İstanbulda Suriya Milli Koalisiyasının təmsilçiləri ilə Avropa və ABŞ səfirləri arasında görüşdə iştirak edən qaynağına əsaslanaraq, bu xəbəri yayıb.
«Suriya müxalifətinə açıq və birmənalı şəkildə bildirilib ki, Əsədin gələcəkdə kimyəvi silahdan istifadəsini əngəlləmək üçün yaxın günlərdə tədbir görüləcək. Hazırda isə Suriya problemi üzrə Cenevrədə sülh danışıqlarının keçirilməsinə hazırlıq görülür»-deyə, mənbə söyləyib.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın müdafiə naziri Çak Heygel «BBC»-yə müsahibəsində ordu fəaliyyətə başlamağa hazırdır və yalnız prezident Barak Obamanın əmrini gözlədiyini demişdi.
Britaniya hökumətinin başçısı Devid Kemeron isə bildirib ki, avqustun 29-da parlamentin növbədənkənar toplantısında Suriyada kimyəvi silahdan istifadə və atılacaq addımlar müzakirə ediləcək.