İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ilk həyat yoldaşı şahzadə Fuziyə vəfat edib.
Lent.az-ın məlumatına görə, şahzadə Fuziyə iyulun 2-də Misirin İsgəndəriyyə şəhərində 91 yaşında dünyaya göz yumub.
Misirin axırıncı şahı Kral Faruqun bacısı olan Fuziyə 1939-cu ildə Qahirədə Məhəmmədrza Pəhləvi ilə ailə qurub, 1948-ci ildə ondan ayrılıb. 1952-ci ildə Misirdə hərbi çevriliş nəticəsində monarxiya devrilib, ölkədə respublika qurulub. Bundan sonra Fuziyənin şahzadəlik titulu əlindən alınıb və onun sərvəti müsadirə edilib.
İran şahı Məhəmmədrza Pəhləvi ilə evlilikdən Fuziyənin Şahnaz adlı bir qızı dünyaya gəlib. 72 yaşlı Şahnaz hazırda İsveçrədə yaşayır.
Fuziyə İran şahından boşanandan sonra Misirdə bir ordu zabiti ilə ailə qurub. Bu evlilikdən onun bir qızı, bir oğlu olub.
Fuziyənin Misir paytaxtı Qahirədə dəfn ediləcəyi bildirilir.
Xatırladaq ki, 1980-ci il iyulun 27-də Qahirədə vəfat edən Məhəmmədrza Pəhləvi də həmin şəhərdə dəfn olunub. İran İslam Respublikası ilə bu ölkə arasında münasibətlərin uzun müddət pozulmasının səbəblərindən biri də bu göstərilir. Çünki inqilabdan sonra qaçqın həyatı yaşayan xəstə şahın son mənzili Misir olub. Onda Tehran rəsmi Qahirədən şahın təhvil verilməsini tələb edirdi. Misir hakimiyyəti isə ona sığınmış şahı İslam Respublikasına verməkdən boyun qaçırdı.