«Ostankino»da yanğın söndürülüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Viktor Biryukov məlumat verib.
Məlumata əsasən, yanan sahə əvvəl bildirildiyi kimi 150 kv metr deyil, 25 kv. metrdir. Tüstüyə görə yanğınsöndürənlər sahəni müəyyənləşdirməkdə çətinlik çəkdiyindən bu rəqəmi söyləyibmiş.
Əvvəlcə, yanğın 5 ballı şkala üzrə 4-cü dərəcəli sayılırdısa, bu, 2-ci dərəcəyə endirilib. İlkin məlumata görə, yanğının ocağı birinci mərtəbə olub.
Telemərkəzin mindən çox əməkdaşı köçürülüb. Xəsarət alan yoxdur.
Baş vermiş yanğın ucbatından İctimai TV ehtiyat qurğu ilə yayımlanıb, «NTV+»-un şərhçisi Gennadi Orlov Sankt-Peterburqun «Zenit» futbol klubu ilə Danimarkanın «Nordşelland» komandası arasında görüşün yayımını dayandırıb.
***
00.36
Moskvanın Akademik Korolyov küçəsində yerləşən «Ostankino» telemərkəzində baş vermiş yanğın üzündən min nəfər binadan köçürülüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Fövqəladə Hallar nazirliyinin Moskva idarəsi mətbuat xidmətinin katibi Viktor Biryukov bildirib ki, Rusiya İctimai TV-si yayımları dayandırıb.
Yanğının baş vermə səbəb hələ ki bilinmir.
***
00.20
«Ostankino» telemərkəzində 150 kv.metr sahə yanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Yanğın iyulun 30-da axşam saatlarında baş verib. Mərkəzin əməkdaşları artıq köçürülüb.
Beşballıq şkala üzrə bu yanğın 4-cü dərəcəli sayılır.
***
00.01
Rusiyanın İctimai Kanalında (OTR) birbaşa yayım dayanıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, buna səbəb «Ostankino» telemərkəzində yanğının baş verməsi göstərilib.
Hazırda olay yerində texniki xidmətin əməkdaşları çalışır.
Yanğın baş verən yerdə 35 yanğınsöndürən maşın, 127 nəfər qəzanın aradan qaldırılması ilə məşğuldur.