Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində tanınmış jurnalist Liaqat Turun müəllifliyi ilə Xocalı soyqırımına həsr edilmiş xüsusi buraxılış dərc edilib. Lent.az-ın məlumatına görə, buraxılışda Dağlıq-Qarabağ regionunun tarixi, ermənilərin Azərbaycana köçürülməsi və nəticə etibarı ilə torpaqlarımızda Ermənistan dövlətinin yaradılması haqqında geniş məlumatlar verilib.
Müəllif ermənilərin 20-ci əsrin axırlarından başlayaraq Azərbaycana qarşı qaldırdıqları torpaq iddialarından və apardıqları etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan iki yüz mindən çox azərbaycanlının qovulduğunu xüsusi qeyd edib. Vurğulanıb ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq-Qarabağ əyaləti və Azərbaycanın daha 7 rayonunu zəbt edilmiş,işğal nəticəsində 1 milyon insan ata-baba yurdularından didərgin düşüb, 20 min insan qətlə yetirilib.
Buraxılışda 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisənin münaqişənin ən qanlı və faciəli səhifəsi olduğu qeyd olunub. Jurnalist, Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Xocalıda mülkü əhaliyə qarşı törəddiyi soyqırımın təfərrüatları habelə, uşaqlara, qadınlara, ahıllara qarşı edilmiş vəhşiliklər barədə məlumatlar verib. O, bu aksiyanın ermənilərin məqsədyönlü şəkildə etdiklərini ön plana çəkib və soyqırımın fəal iştirakçısı olmuş Ermənistanın indiki prezidenti S.Sarksyanın dediyi “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmadığı haqqında stereotipi qırdıq” sözlərini buna sübut kimi gətirib. Nəşrdə Xocalı soyqırımı ilə bağlı qərb mətbuatında nəşr edilmiş çoxsaylı məqalələrdən sitatlar gətirilib.