“İpək yolu - 2013” beynəlxalq avtomobil yarışı başlayıb
06 iyul 2013 00:01 (UTC +04:00)

“İpək yolu - 2013” beynəlxalq avtomobil yarışı başlayıb

Rusiya paytaxtında “İpək yolu-2013” beynəlxalq avtomobil-ralli yarışına start verilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qızıl Meydandan başlayan avtomobil yarışında 27 ölkədən 100-dən çox komanda mübarizə aparır.

 

“İpək yolu-2013” avtomobil yarışında ancaq yolsuzluq və yük avtomobilləri iştirak edirlər. Yarış başlamazdan əvvəl tamaşaçılara yarışda iştirak edəcək texnika və idmançılar nümayiş olunub.

 

Layihənin  rəhbəri Semyon Yakubov jurnalistlərə açıqlamasında yarış iştirakçılarının sabah səhər saatlarında “Lujniki” idman arenasından yola düşəcəklərini söyləyib.

 

Yarışmanın birinci günü iştirakçılar Moskvadan Tambov istiqamətində 452 kilometr yol qət edəcəklər. Daha sonra onlar Rusiyanın mərkəzi hissəsindən Povoljski və Kalmıtski çölləri ilə hərəkət edərək Volqoqrad və Həştərxan vilayətlərinin qumlu massivlərindən keçəcəklər. Yarışın finiş xətti Həştərxan Kremlinin yanında baş tutacaq.

 

Qeyd edək ki, “İpək yolu - 2013” beynəlxalq avtomobil rallisinin ümumi uzunluğu 4096 kilometrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar