Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün parlamentin keçmiş binası qarşısında keçirilən aksiyada çıxış edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, xalqı birliyə çağıran prezident Gürcüstanın böyük ölkə olduğunu bildirib: “Gürcüstan heç vaxt öz siyasətini dəyişməyəcək. Yeni hakimiyyət müxalifət olaraq özünə Putinin dostu Nino Burcanadzeni seçib. Burdan bəyan edirəm ki, xalq öz müxalifətini seçəcək. Ukrayna, Baltik ölkələri bizim ölkədən nümunə götürüb”.
M. Saakaşvili çıxışında Gürcüstanın heç vaxt müharibə istəmədiyini deyib: “Lakin biz Sxinvali və Cənubi Osetiyanı diqqətsiz buraxmayacağıq. Biz işğal olunan torpaqlarımızı azad edə bilərik. Tarixdə ilk dəfədir ki, Gürcüstan müharibədə 8 təyyarə vurub. Bizə raketləri Ukrayna verib. Putin Tiflisə daxil ola bilmədi, çünki biz bir idik, bir çox ölkə də bizi dəstəkləyirdi. Biz müharibə yox, hamı ilə mehriban və dost olmaq istəyirik. Biz Qurucu Davidin ölkəsiyik. Biz Avropa ailəsinə qayıdacağıq. Bu gün böyük bir imtahan verdik. Aksiyada qoca da, uşaq da, cavan da iştirak etdi. 10 il əvvəl “Qızılgül inqilabı”nda biz buraya toplaşmışdıq. Biz elə bir nəsil yetişdirmişik ki, onlar bizdən də yaxşı gələcək quracaqlar” .