8 min il yaşı olan bu məmləkət hər sabah insanları mehriban təbəssümlə salamlayır. Onlarla imperiyaya qoynunda yer vermiş məkan hər xalqın mədəniyyətindən pay alaraq özündə ecazkar görüntü sərgiləyir. Təbiət bu yerlərdən heç bir nemətini əsirgəməyib. Sahillərini dünyanın ən möhtəşəm dənizi ləpələyir, düzlərini yamyaşıl portağal, limon bağları bəzəyir. Təbiət buralara heç vaxt soyuq üzünü göstərmir; yayda isti qucaqla, qışda ilıq təbəssümlə qarşılayır insanları...
Söhbət Mersindən gedir... İnsanlar ona Aralıq mirvarisi deyir. Onu Aralıq dənizinin sahilində “bir inci” adlandırırlar.
Yollar həmişə insanda qəribə hisslər oyadır. Ancaq insan Mersində bu məqamın daha çox fərqinə varır. Mersin-Silifke yolu... Yolun bir tərəfində portağal-limon bağları, palma, banan ağacları, yaşı minnillərlə ölçülən - özündə bir neçə nəhəng imperiyanın mədəniyyətini cəmləyən tarixi abidələr, bəzən yaşıllıqlara təzadənçılpaq qayalar bir-birini əvəzləyir. Yolun digər tərəfinisə Aralıq dənizi heç bir təbii komponentlə bölüşmür, Mersin boyu gözəl şəhərin ətəklərini mirvari sularıyla yumaqda davam edir. Və təbii ki, dənizin sahilində salınan möhtəşəm yaşayış kompleksləri də Aralıq dənizinin Mersinlə qovuşmasından yaranan gözəlliyə öz töhfəsini verir. Aralıq dünyanın ən şəffaf sulu dənizlərindən sayılır. Dənizin Mersin sahilləri isə daha bir özəlliklə diqqət çəkir. Sahilin heç bir hissəsində çınqıl, daş, bataqlıq gözə dəymir. Təbiətin xəfif qumdan yaratdığı sahil çimərlik üçün çox əlverişlidir. Mersin subtropik iqlim qurşağında yerləşir. Burada torpaq günəşdən daha çox pay alsa da insanlar istidən narahat olmur. Çünki, Aralıq dənizi günün istənilən saatı şəhərdən sərin mehini əsirgəmir...
Mersinin simvolu sayıla biləcək məkanlardan biri də Qız Qalasıdır. Xüsusilə yazda və yayda dünyanın əksər ölkələrindən minlərlə turist Qız Qalasına səfər edir. Buralara günün istənilən saatında nəqliyyat işləyir. Qala kiçik adanın üzərində tikilib. Qız Qalasının bütün divarlarını Aralıq dənizinin suları yuyur. Sanki Qala nə zamansa adanın üstündə yox, elə suyun içində inşa edilib.
“Cənnətə və Cəhənnəmə” giriş 3 manat
Əfsanəvi şəhərin daha bir ecazkar məkanı da “Cənnət – Cəhənnən” mağaralarıdır. Bir dərənin əks qütblərində yerləşən iki mağarada elə adlarına uyğun mənzərə var. Dərənin cənnət mağarası yerləşən qütbündə sərin meşəlik, 500 metr yerin daxilinə gedib çıxan mağara, 15 əsrdən artıq yaşı olan kilsə və bura enmək üçün tikilən 452 pilləli daş piləkən var. Cəhənnəm mağarası isə enişi-çıxışı olmayan 128 metr dəriniyə malik vahiməli quyudur. Yunan əsatirlərinə görə Zevs yüzbaşlı əjdahanı bir müddət bu quyuda həbs edibmiş.
“Cənnət Cəhənnəm” mağaralarından 500 metr irəli getdikdə insan daha bir möcüzəvi məkanla rastlaşır. Xarici görünüşü çox da diqqət çəkməyən bu məkan daxilində Türkiyənin ən qiymətli təbiət möcüzələrindən birini saxlayır; tarixi dəqiq bilinməyən Astım mağarasını... 500 kvadratmetri əhatələyən mağaranın daxilində yaz-qış +18 dərəcə temperatur mövcuddur. Nisbi rütubət 90%, təzyiq 762 mm civə sütunudur ki, bu mühit də astma xəstələri üçün tam əlverilişlidir.
İndi Mersin mətbəxini bəzəyən bütün tərəvəzlər yerli istehsaldır. Subtropik iqlim qurşağında yerləşən şəhərdə ərik, limon, portağal, banan və digər Aralıq iqliminə aid meyvələr yetişir. Türkiyənin əksər bölgələrində olduğu kimi Mersin mətbəxində də tərəvəz məhsulları üstünlük təşkil edir. Ən diqqət çəkən tərəvəzlər pomidor, xiyar, lobya, kahı, ispanaq və digər göyərtilərdir. Yeməklərin istiotu da öz yerində.Dəniz canlılarından hazırlanan yeməklərin də Mersin süfrəsində öz yeri var. Mersinlilər Aralıq dənizinin zəngin faunasından yetərincə yararlanır.
İlin 12 ayı istirahət zonası kimi fəaliyyət göstərən Mersində 8 ay başdan-başa çimərlik mövsümü hökm sürür. Hazırda Mersin Türkiyənin ən rahat, stabil həyat tərzi hökm sürən şəhərlərdəndir. TezlikləTürkiyənin ikinci ən böyük hava limanı məhz burada istifadəyə veriləcək. Hazırda isə sərnişinlər Adana hava limanından Mersinə xüsusi ödənişsiz nəqliyyat vasitəsilə daşınır. Mersin uzun illərdir ölkənin ən böyük liman şəhəri statusunu qoruyur. Bura yerli və xarici yaxtaların ən çox yön aldığı şəhərdir. Təkcə son üç ildə Mersin limanının həcmi 10% artıb.
“Burda mənzil almaq sərfəlidir”
Hazırda Mersində mənzil almaq üçün təkcə yerli sakinlər yox, xarici ölkə vətəndaşları da can atır. Şəhərdə böyük tikinti layihələri həyata keçirən Sinan İnşaatın məkan olaraq Mersini seçməsi də təsadüfi deyil. Buna səbəb şəhərdə uzun illərdir stabilliyin, inkişafın olmasıdır. Təbii ki, Mersinin təbii turizm potensialı, qədim tarixi də yaşayış kompleksi tikintisilə məşğul olan şirkəti tam qane edir. Məhz buna görə, Sinan İnşaat ilin 12 ayı turizm potensialını qoruyan şəhərdə 35 ildir ki, fəaliyyət göstərir. Şirkət məkan seçimində daha çox Aralıq dənizi sahillərinə üstünlük verir. Şirkətin inşa etdiyi yaşayış komplekslərinin hər biri həm də istirahət mərkəzlərini xatırladır. Sinan İnşaatın həyata keçirdiyi layihələrdə şəhərin təbii potensialdan peşəkarcasına istifadə edilir.
Mütəxəssislərin fikrincə hazırda Mersin dünyanın yaşayış, istirahət üçün ən sərfəli kurort şəhərlərindəndir. Azərbaycanlı iqtisadçı Vüqar Bayramov fikrincə son zamanlar Türkiyədə ənənəvi istirahət şəhərləri ilə müqayisədə Mersinin daşınmaz əmlak bazarında daha çox canlanma var. Buna səbəb şəhərin turizm potensialı, limanı, turizm xidmətlərinlərinin, işçi qüvvəsinin qiymətinin aşağı olması və yaşayış komplekslərinin salınmasında Aralıq dənizinin sahillərinə üstünlük verilməsidir. İqtisadçı bildirir ki, son vaxtlar Mersinə təkcə turistlərin yox, həm də, investorların marağı artıb. Vüqar Bayramov Mersinin daşınmaz əmlak bazarında qiymətlərin qalxacağını proqnozlaşdırır. Məhz bu üzdən hazırda Mersində daşınmaz əmlak sahibi olmaq həm də etibarlı pul yatırımı kimi qiymətləndirilir. Mersinin daşınmaz əmlak bazarına olan maraq istehsalçı Sinan İnşaatın timsalında da aydın görünür. İnşaat şirkətinin Rusiyadan 3272, Belçikadan 1200 və digər ölkədən yüzlərlə müştərisi var.
Mersinə səfər edən turistlərlə söhbət zamanı məlum oldu ki, onların əksəriyyəti bu şəhərə məhz ev təklifi ilə əlaqəli gəlib. Xarici ölkə vətəndaşları Sinan İnşaat tərəfindən təşkil olunan səfər çərçivəsində bir neçə gün Mersinə səyahət edir, şəhərin maraqlı məkanlarında olur və onlara təklif olunan şərtlərlə maraqlanır.
Mersində bir gün səfərdə olan, buradakı qədimliklə modernliyin ahənginə şahidlik edən, dənizə baş vurub ətirli sitrus bağlarını seyr edən insan, sanki əsrlər öncəyə qayıdıb sivilizasiyanın inkişafını, onun təbiətlə harmoniyasını gözləri ilə görür.
Bəli, yerli sakinlərin Akdeniz dediyi Aralıq dənizi hər anı ilə insanları heyran etməyi bacarır. Sabahlar günəş Mersinə burdan doğur, qaynar şəhər həyatının keyfini insanlar məhz dəniz sahilində çıxarır. Yox əgər siz Mersində günəşin batmasını seyr edirsizsə demək dünyaca məşhur “Akdəniz axşamları”ndasız.
Buyurun, gözəlliyi sevən hər kəsin şəhəri Mersin sizi gözləyir. Bu gözəllikdən pay almaq, Aralıq mirvarisinə toxunmaq sizin də haqqınızdır...
Qeyd: İmprotex Travel Mersin şəhərinə turlar təşkil edir. Bu zaman Mersində 3 gün qalmaq, qidalanma, ekskursiya xərclərini Sinaninşaat şirkəti ödəyir.
Maraqlananlar İmprotex Travel şirkətinə müraciət edə bilər. Ünvan: Bakı şəhəri, M.Moqamayev 16. Telefon: 012 498 10 74, 050 291 78 77
www.sinaninsaat.com.tr
www.improtex-travel.com