Sabiq üzv
26 avqust 2013 17:21 (UTC +04:00)

Sabiq üzv

Son onilliklər ərzində, xüsusən də XXI əsrdə beynəlxalq təşkilatların müasir dünya siyasətində və beynəlxalq münasibətlərdə rolu getdikcə artır. Bu təşkilatlar dövlətlər arasında istər ikitərəfli, istərsə də çoxtərəfli diplomatiyanın həyata keçirilməsində mühüm mexanizmlərdir. Xüsusən iki yüzə yaxın dövləti cəmləşdirən Birləşmiş Millətlər Təşkilatı universal beynəlxalq qurum olmaqla beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etmək məqsədinə xidmət edir. Beynəlxalq aləmdə baş verən proseslərə fəal şəkildə qoşulmaq, başqa ölkələrlə  münasibət yaratmaq və bu münasibəti müsbət istiqamətdə inkişaf etdirmək, ümumbəşəri və qlobal problemlərin həllindən kənarda qalmamaq üçün BMT-nin üzvü olmaq, onunla hərtərəfli əməkdaşlığı genişləndirmək əsas amillərdən biri kimi çıxış edir.

BMT, həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. BMT-nin müxtəlif qurumlarındakı məhsuldar fəaliyyət, həmçinin ölkənin regional liderə çevrilməsi, bazar iqtisadiyyatının dinamik inkişafı və vətəndaş cəmiyyətinin qurulması Azərbaycanın 1992-ci idən etibarən üzv olduğu təşkilatda nüfuzunun artmasına, getdikcə daha dərin və əhatəli əlaqələrin yaranmasına böyük təsir göstərmişdir. 2011-ci il oktyabrın 24-də keçirilən 2012-2013-cü illər üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycanın BMT-nin üzvü olan 155 dövlətin dəstəyini qazanması bunun bariz nümunəsidir. Məhz 2012-ci il Azərbaycan diplomatiyasının  ən böyük uğuru ölkəmizin BMT Təhlukəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasıdır.  Təhlükəsizlik Şurası isə BMT-nin bütün dünyada sülhü və təhlükəsizliyi təmin edən məsul qurumudur. Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli xarici siyasi fəaliyyəti, onun dəfələrlə BMT-nin Baş Məclisinin kürsüsündən dərin məzmunlu və məntiqi çıxışları bu məsələdə həlledici rol oynamışdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında BMT TŞ-nin üzvü seçilən ilk ölkə olmuşdur. Bu hadisə ictimaiyyət tərəfindən çox düzgün olaraq Azərbaycanın beynəlxalq müstəvidə qazandığı son dərəcə böyük siyasi və diplomatik qələbə kimi dəyərləndirilir. Çünki TŞ-yə üzv olmaq hər bir ölkə üçün geniş imkanlar yaradır. TŞ üzvləri qlobal problemlərin həllində yaxından iştirak edir, dünya miqyasında söz sahibinə çevrilirlər.  Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi xarici siyasi dairələrdə də ölkənin artan nüfuzunun göstəricisidir.

Ölkəmiz 2012-ci il yanvarın 1-dən yeni statusda səlahiyyətlərinin icrasına başlamış,  may ayında isə BMT-nin Təhlukəsizlik Şurasına 1 aylıq sədrlik etmişdir. Azərbaycanın sədrliyi ilə keçirilən iclaslarda Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması, Balkanlarda son durum, Suriya böhranının nizamlanmasına dair ciddi müzakirələr aparılmış, BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclası keçirilib. Ümumilikdə isə Azərbaycan Şuranın reallaşdırdığı bütün iclaslarda səmərəli iştirak etməklə, daim sülh, ədalət və barışığın bərqərar edilməsinə istiqamətlənmiş humanist mövqeyini nümayiş etdirmişdir. 2013-cü ilin oktyabr ayında 1 aylıq müddətə yenə Şuraya sədrlik edəcək ölkəmiz yenə sülhməramlı yanaşmasını səriləyəcəyi, dünyada sülh və ədalətin təmini modellərini təklif edəcəyi də istisna edilmir.

Bütövlükdə, Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, üzv ölkələrin əksəriyyətinin səsvermədə respublikamızın bu möhəbər təşkilata qeyri-daimi üzv qəbul olunmasını dəstəkləməsi müstəqil Azərbaycanın həyatında əlamətdar və tarixi hadisədir. Bu dövlətin siyasi qələbəsi , siyasi strategiyanın düzgünlüyünün qəbulu, dövlətimizin yüksək nüfuzunun nəticəsidir.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1999
avatar

Oxşar yazılar