«Şotlandiyaya Birləşmiş Krallığın tərkibində qalmaq xeyirli olsa da, şotlandların milli müqəddəratını təyinetmə hüququnu dəstəkləyirik».
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Britaniya XİN-in hesabatında Şotlandiyanın müstəqilliyini elan etməsi ehtimalı ilə bağlı hesabatda bu, vurğulanıb.
Krallığın nüfuzuna bu addımın zərbə vuracağı və Britaniya XİN-in yeni dövlətlə münasibət qurması üçün xərclərin artacağı, sənəddə vurğulanıb. Bundan başqa hesabatda bildirilib ki, beynəlxalq məsələlərlə bağlı Şotlandiya müstəqil qərar qəbul edə bilməyəcək.
Britaniya XİN qeyd edib ki, bir sıra beynəlxalq məsələlərin həllinə qatılması üçün rəsmi London Şotlandiya hakimiyyətinin səlahiyyətlərini genişləndirməyə hazırdır.
Xatırladaq ki, müstəqilliklə bağlı Şotlandiyada referendum cari il sentyabrın 18- də keçiriləcək.
Şotlandiya 1707—ci ildən İngiltərənin tərkibinə qatılıb. 1997-ci ildə Britaniyanın devolusiya (hakimiyyət səlahiyyətlərinin aşağılara ötürülməsi) çərçivəsində məhdud muxtariyyət qazanıb.1999-cu ildən Şotlandiyanın parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir. Bununla belə həmin qurumların əsas sahələr üzrə səlahiyyətləri məhduddur: mədəniyyət, təhsil, səhiyyə, nəqliyyat, ətraf mühitin qorunması və b.
Şotlandiyada ənənəvi məhkəmə sistemi də fəaliyyət göstərir.