İsveçdə vətəndaşlıq almaq üçün yeni tələblər qüvvəyə minib. Bundan sonra 16–66 yaş arası müraciət edən şəxslər İsveç dili və ölkə cəmiyyətinin əsasları ilə bağlı biliklərini təsdiqləməlidirlər.
Lent.az xəbər verir ki, ilk sosial elmlər imtahanı avqustun 15-də Stokholmda keçiriləcək. İmtahanda təxminən 1000 nəfərin iştirakı gözlənilir. İlk test üçün qeydiyyat prosesi üç həftə ərzində başa çatıb. Hakimiyyət orqanları gələcəkdə imtahanların ölkənin digər bölgələrində də keçirilməsini planlaşdırır.
İmtahan mövzuları İsveç hökuməti tərəfindən müəyyənləşdirilib. Sosial elmlər üzrə suallar isə Höteborq Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Testlər doqquzuncu sinif şagirdlərinin bilik səviyyəsinə uyğunlaşdırılıb. Hazırlıq materialları artıq İsveç Ali Təhsil Şurasının saytında yayımlanıb.
İmtahanın tətbiqi və hazırlıq müddətinin qısa olması akademik dairələrdə müzakirələrə səbəb olub. 2025-ci ildə hökumətin Stokholm və Höteborq universitetlərinə imtahanın ayrı-ayrı bölmələrini hazırlamağı tapşırması da ali təhsil müəssisələrinin narazılığı ilə qarşılanıb. Bir sıra alimlər qeyd edirlər ki, dil tələblərinin vətəndaşlıq imtahanlarına daxil edildiyi bir sıra Avropa İttifaqı ölkələrində bunun inteqrasiyaya müsbət təsiri ilə bağlı ciddi nəticələr əldə olunmayıb.
Bununla yanaşı, tələb olunan bilikləri təsdiqləmək üçün yalnız imtahan nəticələri əsas götürülməyəcək. İsveç məktəblərində, gimnaziyalarda və ya müəyyən böyüklər üçün təhsil proqramlarında İsveç dili və sosial elmlər üzrə keçid qiymətləri alan şəxslər bu sənədlərdən istifadə edə bilərlər.
İsveç Ali Təhsil Şurası avqust ayında keçiriləcək ilk imtahandan sonra sosial elmlər bölməsi üzrə uğurlu nəticə üçün tələb olunan düzgün cavabların sayını müəyyənləşdirəcək.
Qeyd edək ki, vətəndaşlıq imtahanları artıq Danimarka və Norveç də daxil olmaqla bir sıra ölkələrdə tətbiq olunur. Finlandiya da 2027-ci ildən etibarən analoji imtahan sisteminə keçməyi planlaşdırır.