“Birləşmiş Ştatlar ölkədə omicron ştamının yayılması ilə əlaqədar karantin tətbiqi və məktəblərin bağlanması praktikasına qayıtmaq niyyətində deyil”.
APA xəbər verir ki, bunu çərşənbə günü Ağ Evdə mətbuat konfransında çıxış edən ABŞ prezidenti Co Bayden deyib.
Prezident bildirib ki, COVID-19 ilə bağlı ölkədə vəziyyət indiyə qədər olduğundan daha yaxşı vəziyyətdədir: “Bir il əvvələ nisbətən daha yaxşıdır. Biz qapanmaya qayıtmaq fikrində deyilik. Məktəblər yenidən bağlanmayacaq. Məktəblər açıq olmalıdır”.
ABŞ lideri əlavə edib ki, hakimiyyət məktəblərdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 130 milyard dollar ayırıb: “Bu vəsait məktəblərin açıq qalmasına imkan verəcək.
Məktəblərdə COVID-19 testlərinin keçirilməsi üçün bu məbləğə daha 10 milyard dollar əlavə edilib. Təəssüf ki, hamı bu vəsaiti xərcləməyib. Mən dövlət orqanlarını bu vəsaitlərdən istifadə etməyə, uşaqlarımızı qorumağa və məktəblərimizi açıq saxlamağa çağırıram”.
“Mən təslim olmaq və ya hər şeyi indi olduğu kimi qəbul etmək fikrində deyiləm. Bəziləri indi baş verənləri normal adlandıra bilər. Mən buna hələ bitməmiş iş deyirəm. Hər şey düzələcək. Zamana doğru irəliləyirik. O zaman ki, COVID-19 gündəlik həyatımızı pozmayacaq və böhran olmayacaq”, - deyə Bayden vurğulayıb.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da epidemiya başlayandan indiyədək 68 milyondan çox koronavirusa yoluxma halı aşkarlanıb, 855,6 mindən çox insan ölüb. Hər iki göstərici üzrə ölkə dünyada birinci yerdədir.