İtaliyada atom enerjisi və su referendumu keçirilir
13 iyun 2011 12:05 (UTC +04:00)

İtaliyada atom enerjisi və su referendumu keçirilir

İtaliyada atom enerjisindən istifadə və su mənbələrinin özəlləşdirilməsi ilə bağlı referendum keçirlir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bazar günü başlayan və bu gün davam edən referendum baş nazir Silvio Berluskoni üçün mühüm əhəmiyyət daşıyır.

İtaliya 1987-ci ildəki Çernobıl fəlakətindən sonra atom enerjisindən imtina edib. Baş nazir Silvio Berluskoni indi yenidən atom enerjisindən istifadə edilməsini istəyir. Baş nazirin planlarını boşa çıxarmaq məqsədilə başladılan imza toplama kampaniyasında 750 mindən çox imza toplanınca məhkəmə referendum qərarı verib. Referendumda baş nazirlər və digər yüksək vəzifəli rəsmilərin toxunulmazlığı ilə bağlı qanunun ləğv edilib-edilməməsi məsələsinə də xalqın münasibəti öyrəniləcək.

İtaliya hökuməti su mənbələrinin özəlləşdirilməsi məsələsində bələdiyyələrə ilin sonuna qədər vaxt verib. İndi bu məsələ ilə bağlı da xalq qərar verəcək. Korrupsiya da daxil olmaqla çox sayda ittihamla üz-üzə olan Silvio Berluskoni referendumun etibarsız olması üçün xalqın məntəqələrə getməməsini, iştirakın 51 faizdən az olmasını istəyir. Mütəxəssislər isə xalqın referendumda atom enerjisinə, suyun özəlləşdirməsinə qarşı çıxacağı təqdirdə belə hökumət böhranının gözlənilmədiyini bildirirlər.
# 398

Oxşar yazılar