Əsəd çökür
30 aprel 2011 10:29 (UTC +04:00)

Əsəd çökür

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalara ilk dəfə Müsəlman Qardaşları Hərəkatı da dəstək verib.

Hökumətin şəhərlərə ağır texnika və hərbi birləşmələr yeritməsinə, aksiyaların zorla dağıdılacağı, iştirakçıların cəzalandırılacağı barədə sərt xəbərdarlığına baxmayaraq, aksiyalar kütləviliyi ilə seçilib. İlk dəfə paytaxt Dəməşqdə 10 mindən çox insan aksiyalara qatılıb. Aksiyalar Humus və Hama, Aralıq dənizi sahillərindəki Baynas, Türkiyə ilə sərhəddəki Kamışlı şəhərlərində də keçirilib.

Hökumət əleyhinə aksiyaların ilk olaraq başladığı Dera şəhərində silahlılar əsgərlərə atəş açıb və 4 əsgər həyatını itirib. Derada aksiyalar dəstək vermək üçün ətraf qəsəbə və kəndlərdən minlərlə insan avtobuslarla şəhərə gəlmək istəsə də, hərbçilər onlara atəş açıb. Dünən Suriyanın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində ən azı 62 nəfər ölüb, çoxlu sayda yaralı var.

Müsəlman Qardaşları Hərəkatı bəyanat yayaraq prezident Bəşər Əsədin başında durduğu rejimin ölkədə soyqırım həyata keçirdiyi bildirib və xalqı diktatorlara boyun əyməməyə çağırıb. Bəşər Əsədə növbəti zərbə hakim BƏƏS Partiyasından gəlib. Partiyanın 50 yüksək vəzifəli şəxsi istefa verib.

Bu arada Avropa Birliyi Suriyaya silah satışına embarqo qoyulması barədə ilkin qərar qəbul edib. Yekun qərar Avropa Birliyinin genişlənmiş iclasında qəbul olunacaq. ABŞ isə prezident Bəşər Əsədi yürütdüyü kursu təcili dəyişməyə çağırıb. ABŞ prezidenti Barak Obama Suriya ilə bağlı Liviya barədə verilən qərara bənzər qərar layihəsini təsdiq edib. Qərara görə, Bəşər Əsədin kiçik qardaşı, ordu komandiri Mahir Əsəd, Suriya kəşfiyyat qurumunun rəhbəri Ali Memluk və Dera bölgəsi üzrə kəşfiyyat idarəsinin rəhbəri Atif Necibin ABŞ-dakı maliyyə vəsaiğtləri və daşınmaz əmlakları dondurulur. Barak Obama Suriyada qətliamlar davam edərsə, Bəşər Əsədin də maliyyə vəsaitlərinin dondurulacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar