Güney Azərbaycanda fəallara qarşı təzyiqlər artır
27 aprel 2011 15:41 (UTC +04:00)

Güney Azərbaycanda fəallara qarşı təzyiqlər artır

0
Lent.az-ın “GünAzTV”yə istinadən məlumatına görə, Azərbaycanın ziyalı xanımı, milli haqların təmini istəyənlərdən biri - Sima Didar aprelin 16-da həbs edilərək, barəsində 6 aylıq azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Sima Didar Təbrizin Saib məhəlləsindəki polis bölməsinə kimlik vəsiqəsini almaq üçün müraciət edib. Onun bu tələbini yerinə yetirməkdənsə, polis onu tutaraq, zindana aparıb. Onun vəsiqəsini bir müddət öncə Zəncana, jurnalist, hüquq müdafiəçisi, vicdan məhbusu Səid Mətinpurun həbsdə olan həyat yoldaşına 8 Mart qadınlar günü münasibəti ilə baş çəkməyə gedərkən Təbriz-Zəncan yolundakı yoxlama zamanı alıblar.

Hələ 2009-cu il mayın 22-də Şərqi Azərbaycandakı Bədən Tərbiyəsi İdarəsinin təşəbbüsü ilə Təbrizin “El gölü” parkında keçirilən ailəvi yığıncaqda tutulmuşdu. Onda bir ay saxlanıldıqdan sonra mülk girov qoyaraq, sərbəst buraxılmışdı. Həmin tədbirdə «Türk dilində mədrəsə!» şüarı da verilmişdi.

Sima Didar mövcud rejimə müxalif Xalq Mücahidləri Təşkilatı ilə əlbirliyində olması ittihamı da irəli sürülmüşdü.
Elə həmin günlərdə, İrandakı prezident seçkisi zamanı «Azadlıq» radiosuna müsahibəsində Sima Didar demişdi : «Əgər seçkidən əvvəl ana dilində təhsil vermək vədləri doğru olsa idi, o zaman bizi – iki gənci ana dilində həsil istədiyimiz üçün həbs etməzdilər».

Bundan başqa, Güney Azərbaycanın Urmiya Universitetinin 20 tələbəsi xüsusi qurumların bu ali təhsil ocağındakı komitəsinə çağırılıblar.

Onlar ötən həftə Təbrizin «Traktorsazi» futbol klubu ilə Tehranın «İstiqlal»ı arasındakı oyun zamanı təbrizlilərin qələbəsini qeyd etmək üçün bir yerə toplaşaraq, Urmiya gölünün qurumasına etiraz şüarları səsləndirdikləri üçün həmin komitəyə «dəvət ediliblər». Orada tələbə-gənclər hədələnib.

Tehran hakimiyyətinin həbsxanalarındakı azərbaycanlı siyasi məhbuslara da çeşidli şəkildə basqılar edilir. Ötən həftənin sonunda «Babək Xürrəmdin» ləqəbli bloqçu Hüseyn Rövnəqi-Mələki saxlanıldığı zindandan müalicə almaq üçün xəstəxanaya köçürülüb. Ailə üzvləri xəstəxanada onun görüşmək istəsə də bütün cəhdləri boşa çıxıb. Böyrəyindəki ağrılardan əziyyət çəkən bu azərbaycanlı gəncə uzun müddət həbsxanadan kənarda müalicə olunmağa icazə verilməyib. Yayılan xəbərlərdə bildirilib ki, təhlükəsizlik qüvvələri xəstəxanada da H.Rövnəqini nəzarət altında saxlayır, yaxınlarına onunla görüşməyə icazə vermir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 559

Oxşar yazılar