İran-Suriya-“Hizbullah” zənciri qırılacaq?
15 aprel 2011 19:11 (UTC +04:00)

İran-Suriya-“Hizbullah” zənciri qırılacaq?

0
Suriyada da mövcud hakimiyyətə qarşı etiraz aksiyaları davam etməkdədir. Təəssüf ki Bəşir Əsəd də o biriləri kimi etirazçıların istəklərinə qarşılıq verməkdənsə, küçələrə tanklar çıxarıb. Tarixi təcrübə göstərir ki, cəmiyyətin etirazına qarşı tank çıxarmaq yanlış yoldur. Bu addımı 20-ci yüz ilin ortalarında keçmiş SSRİ- dəfələrlə tətbiq etdi.

Yada salaq - Macarıstan, Çexoslovakiya, Polşa, Əfqanıstan, Vyetnam, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Litva və s. ölkələrdə insanların haqlı istəkləri tanklarla qarşılanmışdı. Bu sayaq hikkəli davranış sovetlər birliyinin dağılmasına təsir göstərən amillərdən oldu.

Suriya müxalifətinin İnternet vasitəsi ilə yaydığı sənəddə etiraz yürüşü iştirakçılarına qarşı xüsusi xidmət orqanları əməkdaşlarının davranışı öz əksini tapıb. Ölkənin təhlükəsizlik orqanları tərəfindən hazırlandığı ehtimal olunan həmin təlimatda bir gündə 20 nəfərdən çox yürüşçünün öldürülməməsi ilə bağlı tapşırıq verilir. Çünki, qurbanların sayının çox olması, beynəlxalq ictimaiyyətin, eləcə də qərbin Suriyaya diqqətinin artmasına səbəb ola bilər.

Baş verən olayların məsuliyyətini xarici elementlərin, özəlliklə “sionist rejiminin üzərinə düşməsinin” təbliğ edilməsi təlimatda əks olunub. Xüsusi xidmət orqanlarının əməkdaşlarına internetdə müxalifətlə əlaqə saxlayıb, daha çox məlumat əldə etmək tapşırığı da verilib.

Əsgərlərə və polislərə tapşırılıb ki, nümayiş və yürüşlər zamanı kütlənin içinə girib, çeşidli təxribat, təhrikedici fəaliyyətlə məşğul olan “özəl təlim görmüş mülki geyimli agentlərə” mane olmasınlar.

Liderlərin “aradan götürülməsi” ilə bağlı snayperlərə verilən göstərişə əsasən, onlar “işlərini başa çatdırdıqdan” sonra yerləşdikləri ərazini elə gizlətməlidir ki, atəşin açıldığı yer bilinməsin.

Həmin sənədə görə, kütləvi çıxışlar olan rayon tez bir zamanda təcrid edilməlidir - telefonlar bağlanmalı, elektrik təchizatı kəsilməli, internetə giriş qapadılmalıdır. Bundan sonra müxalifət lideri aşkarlanıb ya həbs edilməli, ya da öldürülməlidir.

Xəbərə əsasən, ABŞ-ın uyğun qurumları sənədin gerçəkliyini araşdırır. “Fox News” isə ABŞ mənbələrinə istinadən bildirilib ki, İran İslam Respublikasının rəhbərliyi gizli şəkildə Suriyadakı rejimə yardım edir, eləcə də Bəhreyn və Yəməndəki olayları “şişirdir”.

Amerika prezidenti aparatının təmsilçisinin dediyinə görə, İran hakimiyyətinin Bəşir Əsəd rejiminin rabitə vasitələrinə, o cümlədən internetə girişə və cib telefonlarına nəzarətdə köməklik etməsinə dair sübutlar var.

Bununla yanaşı Bəhreyn və Yəməndə sabitliyin pozulmasında da İranın əli olduğundan ehtiyat edilir. Xəbərə əsasən, Vaşinqton Tehranın Yaxın Şərq ölkələrində çeşidli icmaları biri-birinə qarşı qoymaqda fəaliyyət göstərdiyindən də narahatdır.

“The Wall Street Journal”ın məlumatında bildirilib ki, ABŞ İraqda şiələr arasında qarışıqlığın yarana biləcəyindən də ehtiyat edir.

Təkcə İran hakimiyyəti deyil, onun dəstəklədiyi çeşidli terrorçu qrupların da Dəməşq rejiminə yardım etdiyi haqda məlumatlar yayılmaqdadır. “MIGnews”in bildirdiyinə görə, Livandakı “Hizbullah”ın lideri Həsən Nəsrulla deyib: “İranın ləyaqətindən söz düşəndə livanlılar susmamalıdır. Bizmi “Wikiliks”imiz yoxdur. Ancaq Suriya, İran və başqa dövlətlər kimi dostlarımız var. Biz onları heç vaxt satmarıq”.

İsrail Müdafiə Nazirliyinin hərbi-siyasi bölməsinin başçısı Amos Gilad Küveytdə çıxan “əl-Rai əl-Aləm” qəzetinə müsahibəsində deyib ki, Livan “Hizbullah»ı İran və Suriyanın dəstəyindən yararlanır. Onun sözlərinə görə, bu terrorçu təşkilatın 45 minə yaxın raketi var: “Livan suveren dövlət sayıla bilməz. Suriya və İran onun daxili işlərinə fəal qarışır. Biz rəsmi Dəməşqlə sülh şəraitində yaşamaqda maraqlıyıq. Ancaq prezident Bəşir Əsəd terrorçu təşkilatları dəstəklədiyindən və İranla müttəfiqliyi davam etdirdiyindən İsrailin Suriya hakimiyyəti ilə sülh danışıqları aparması mümkünsüzdür”.


Suriyadakı duruma dərindən nəzər salanda Yaxın Şərqin problemləri daha aydın görünür. O, da aydın olur ki, Tehran hakimiyyəti yalnız 80 milyona yaxın İran əhalisini deyil, eləcə də 20 milyonluq Suriyalını sanki girov götürüb. Atom-nüvə proqramını davam etdirməkdə israrlı davranışına əsasən belə ehtimal etmək olar ki, əldə edəcəyi “çirkli atom bombası” ilə İran rejimi dünya əhalisini hədələyəcək. Bu baxımdan hikkəli, iddialı, antidemokratik rejimlərin dünya əhalisi üçün təhlükəli olduğu qənaətinə də gəlmək olar.


Odur ki, İran-Suriya-“Hizbullah” zəncirinin qırılmasının bölgədə barış və sabitlik gətirəcəyi də istisna edilmir.


Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 693

Oxşar yazılar