Dünya İran hakimiyyətindən asılı olmamağa hazırlaşır
14 aprel 2011 11:39 (UTC +04:00)

Dünya İran hakimiyyətindən asılı olmamağa hazırlaşır

0
Bu, açıq savaşdan da betərdir. Çünki belə sınaqların öhdəsində gələ bilməyən hakimiyyət hə gün zəifləyir, imkanlarını və etimadı itirir.

“İTAR-TASS”-ın məlumatına əsasən, İran prezidentinin müavini Məhəmmədrza Rəhimi bildirib ki, bundan sonra Tehran hakimiyyəti ölkənin hava limanlarında Avropa dövlətlərinə məxsus təyyarələri yanacaqla təchiz etməyəcək.

O, bunu Qərb neft şirkətlərinin İran təyyarələrinə yanacaq verməsini dayandırması ilə əlaqələndirib: “Bu yaxınlarda Avropanın bir sıra hava limanlarında İran təyyarələrinə yanacaq verilməsindən imtina olunub. Ona görə də biz tez bir zamanda İslam Respublikası ərazisində yerə enən Qərb təyyarələrinə benzin verməyi dayandırmışıq”.

M.Rəhimi bu tədbirin tətbiq ediləcəyi şirkətlərin adını açıqlamayıb.

Ötən ilin oktyabrında Avropanın bir sıra dövlətləri İran Hava Yollarına məxsus mülki təyyarələrə yanacaq doldurmaqdan imtina etmişdi.


Onlar Tehran hakimiyyətinə qarşı tətbiq edilən nüvə sanksiyasını əsas göstərərək, “İran Air”ə aid mülki təyyarələri yanacaqla təmin etməyi dayandırmışdı.


Ötən il sentyabrın 30-da Vaşinqton Avropanın ən nəhəng neft şirkətləri – Fransanın “Total”, Norveçin “Statoil”, İtaliyanın “Eni”, Hollandiya-Britaniyanın “Royal Dutch Shell”lə anlaşma imzalamışdı. Həmin müqaviləyə əsasən bu şirkətlər İranın energetika sənayesinə sərmayə yatırmayacaq, eləcə də bu ölkəyə məxsus təyyarələri yanacaqla təmin etməyəcəklər. Bunun qarşılığında ABŞ onları İslam Respublikası ərazisində keçmiş fəaliyyətinə görə cəzalandırmayacaq.


Həmin günlərdə İngiltərənin “British Petroleum” və “Royal Dutch” şirkətləri “İran Air”-ə məxsus təyyarələrə yanacaq verməkdən imtina ediblər. Britaniyanın “Lloyds” sığorta şirkəti isə İran nefti ilə bağlı sığorta işlərini dayandırıb.

Tehran hakimiyyəti təmsilçisinin yasaq haqda söylədikləri, daha çox deklarasiya xarakterlidir. Çünki bəyanat verilən gün İran paytaxtındakı Xomeyni adına beynəlxalq hava limanına Avropa ölkələrinə məxsus bir təyyarə belə yerə enməyib. Ora uçan təyyarələrin çoxu “İran Air” (dövlət) və “Mahan Air” (özəl) şirkətlərinə, eləcə də İraq, Birləşmiş Ərəb Əmirliyi, Azərbaycan və Tacikistanın hava şirkətlərinə aiddir.

Qərb dövlətlərinə məxsus təyyarələri yanacaqla təchiz etməməklə Tehran hakimiyyəti özü üçün təhlükə yaradır. Hakimiyyət bu addımı ilə ölkənin hava məkanının təhlükəli olduğunu bəyan edir. Bu isə perspektivdə “İran hava məkanın boşaldılması”na dair əlavə sanksiyanın qəbul edilməsi deməkdir. Başqa sözlə, dünya İranı idarə edən indiki rejimdən asılı olmamağa hazırlaşır. Onlar üçün belə bir şəraiti Tehran hakimiyyəti özü yaradır. Belə davranışı ilə İslam Respublikası özü-özünü dünyadan təcrid edir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar