Fransanın yeni qanunu müsəlmanlara nə vəd edir? - ARAYIŞ
12 aprel 2011 19:12 (UTC +04:00)

Fransanın yeni qanunu müsəlmanlara nə vəd edir? - ARAYIŞ

Qanun qəbul edilməsi ilə artıq bir-neçə qadını polis saxlayıb cərimələdi və ya vətəndaşlıq kurslarına göndərdi. İnsanlar qanunun qəbulundan bixəbər olduqlarını desələr də, Fransa polisi Roma hüququndakı “İgnorantia non est argumentum” – “Qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipini rəhbər tutdular.

Bəs bu gün Fransada hicablı müsəlmanların vəziyyəti və sayı nə yerdədir? Azərbaycanlı oxucu üçün hicabın nə olduğunu izah etmək zəruri olmasa da fransızların 3 istilahı (burqa, niqab və çadra) necə qavradıqlarını qeyd etmək zəruridir.

Fransız lüğətlərində və qanunvericilikdə niqab dedikdə bədənin gözlərdən başqa bütün yerlərini örtən qara geyim nəzərdə tutulur.

Burqada da göz səviyyəsində açılmış 2 dəlik olsa da, o əsasən yaşıl rəngdə olur.
Hicab isə saçları və boynu örtən yaylıqdır.

Lent.az-ın “lepost.fr” saytına istinadla xəbərinə görə, hazırda Fransada təqribən 2000 qadın niqab taxır. Burqa taxan qadınların isə sayı məlum deyil. Onların əksəriyyəti böyük şəhərlərdə yaşayır, orta yaş həddi 40-dır. Burqa və niqab taxanlardan üçdə ikisi Fransa vətəndaşıdır.

Yeni qanun nəyi qadağan edir?

Fransada qanunvericilik insanın üzdən tanınmasına mane olan bütün geyim formalarını qadağan edir. Bu xüsusda burqa və niqab qadağan edilsə də, üzü örtmədiyi üçün hicaba sərbəstlik verilib.

İstisnalar

Yeni qanunda insanın üzdən tanınmasına mane olan bütün geyim formaları sadalanarkən bəzi istisnalar da nəzərdə tutulub. Bu istisnalara iş geyimləri, məsələn motosikletçilərin və qılıncoynadanların geydiyi dəbilqə, qaynaqçı dəbilqəsi daxildir.

Gün eynəyi və yaylıq taxmaq, şal bağlamaq inzibati məsuliyyət yaratmır.

Qanun hansı məkanlarda qüvvədədir və ya qadağan olunan geyimdən harada istifadə etmək olar?

İctimai yerlərdə - bağ, restoran, kafe, məktəb, teatr, muzey, kitabxana, ictimai nəqliyyat, həmçinin dövlət qurumlarında burqa və niqabla gəzmək qadağandır.
Oteldə, evdə, müqəddəs yerlərdə burqa və niqab taxmaq qadağan deyil (buranı tərk edərkən dərhal çıxarmaq şərti ilə).

Şəxsi avtomobildə sərnişin kimi hərəkət edərkən də burqa və niqab taxmaq olar.
Burqa və niqab məsələsinə nəzarəti polis həyata keçirəcək. Lakin onların heç kəsdən üzünü açmağı tələb etmək səlahiyyəti yoxdur. Saxlanan insan şəxsiyyətinin müəyyən edilməsi üçün polis bölməsinə gətiriləcək və hər şey burada aydın olacaq.

Cəzalar

İctimai yerdə burqa və niqabla gəzən şəxsi 150 avro cərimə və / və ya vətəndaşlıq kurslarına göndərilmə gözləyir.

Başqasını burqa və niqab taxmağa məcbur edəni 1 ilədək həbs və ya 30 000 avro cərimə gözləyir.

Fransada son hesablamalara görə təxminən 5-6 milyon müsəlman yaşayır. Başqa sözlə əhalinin 10%-i özünün müsəlman hesab edir və müsəlmanların sayı ildən-ilə artmaqdadır. Görəsən Fransa dövlətinin son qərarını müsəlmanların artım tendensiyasına cavab tədbiridirmi? Bunu bilmək üçün səbr etmək lazımdır. Hüquq mühafizəçiləri və ekspertlər yeni qanunun xoş nəticə doğuracağına çox da ümid etmirlər.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar