Türkiyə İranla ticarəti davam etdirə bilər
10 dekabr 2010 12:09 (UTC +04:00)

Türkiyə İranla ticarəti davam etdirə bilər

Lent.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamnetinin təmsilçisi Filipp Krouli gündəlik brifinqdə bildirib.

“Türkiyə İranın qonşusudur. Onların ortaq iqtisadi əlaqələri var. Elə malları var ki, İranla onun alverini sərbəst şəkildə etmək olar” - deyən amerikalı diplomatın sözlərinə görə, Türkiyə aydınca bildirib ki, üzərinə düşən beynəlxalq öhdəliklərə əməl edəcək.

ABŞ rəsmisi onu da bəyan edib ki, Tehranın atom-nüvə proqramı ilə bağlı müzakirələrdə müsbət nəticə əldə etmək üçün “altılıq”a aid olmayan dövlətlər də öz yardımını edə bilər. İran hakimiyyəti isə bu məsələyə Türkiyənin də fəal şəkildə qoşulmasını istəyir. Bundan başqa, nəzərə almaq lazımdır ki, 2011-ci ilin yanvarında İstanbulda “altılıq”la İran arasında danışıqlar başlayacaq. Odur ki, Türkiyə ilə bağlı amerikalı diplomatın bəyanatını həm də Tehrana verilən növbəti “fora” kimi də dəyərləndirmək olar.

Xatırladaq ki, cari ilini mayında İran, Türkiyə və Braziliya arasında uranın nüvə yanacağına dəyişdirilməsinə dair Tehranda müqavilə imzalanmışdı. Həmin anlaşmaya əsasən nüvə yanacağı qarşılığında İslam Respublikası girov kimi Türkiyəyə 1200 kq. zəif zənginləşdirilmiş uran verməli idi. Bu zaman Fransada həmin urandan yanacaq hazırlanıb, Türkiyənin vasitəsi ilə İran nüvə yanacağını almalı idi. Əgər yanacaq istənilən səbəbdən Tehrana verilməzsə, o zaman müqaviləyə görə Ankara Tehranın girov uranını İrana qaytarmalıydı.

Türkiyə tərəfdən “yaşıl işığın yandığını” görən İran hakimiyyəti isə körfəzdə ticarət məqsədilə istifadə etdiyi ərəb limanlarını Türkiyəninkilərlə dəyişmək niyyətindədir.

Türkiyənin Qara dəniz və Aralıq dənizlərindəki limanlarına səfər edən Tehranın Ankaradakı səfiri Bəhmən Hüseynpur jurnalistlərə deyib ki, İran ticarət əməliyyatları sahəsində körfəzin cənubundakı ərəb ölkələrindən asılılığını azaltmaq niyyətindədir: “Biz körfəzdəki ticarətimizin böyük bir hissəsini Türkiyəyə köçürmək, Türkiyə limanlarından istifadə etmək niyyətindəyik. Həm İran, həm də Türkiyə rəsmiləri bu ideyaya dəstək verirlər”.

Bəhmən Hüseynpur İranın limanları dəyişmək planının səbəbini açıqlamayıb.

Tehran hakimiyyəti İrana qarşı hərbi əməliyyatlara başlanılacağı halda körfəzdən neftin və başqa malların daşınmasının qarşısını alacağını bəyan edir. Bundan yayınmaq və ya İslam Respublikası rəhbərliyinin yaradacağı ehtimal olunan problemlə üzləşməmək üçün ərəb dövlətləri bu akvatoriyadakı limanların yerini dəyişməyi planlaşdırıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar