“Gənc Şakro” ləqəbli “qanuni oğru” Gürcüstana ekstradisiya olunacaq
09 dekabr 2010 10:18 (UTC +04:00)

“Gənc Şakro” ləqəbli “qanuni oğru” Gürcüstana ekstradisiya olunacaq

İspaniya hökuməti Madrid həbsxanasında saxlanılan “Gənc Şakro” ləqəbli “qanuni oğru” Zaxar Kalaşovu Gürcüstana ekstradisiya etmək barədə qərar qəbul edib.

Lent.az-ın “İnfoks” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Gürcüstan prezidenti Mixail Saakaşvili və İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero arasında keçirilən görüşdə əldə olunmuş razılığa əsasən qəbul edilib.

Qeyd edək ki, Zaxar Kalaşovun adı bu günlərdə amerikalı diplomatların və hərbçilərin məxfi yazışmalarını yaymaqla məşhurlaşan “WikiLeaks” saytında da yer alıb. 2010-cu il fevralın 8-də ABŞ-ın İspaniyadakı səfiri Vaşinqtona göndərdiyi məxfi diplomatik məktubda yazıb ki, yanvarın 14-də Zaxar Kalaşovun işini aparan prokuror Xose Qrinda Qonsales amerikalı diplomatlarla görüşüb. Bu görüşdə prokuror deyib ki, Rusiya hökuməti cinayətkar qruplardan öz məqsədləri üçün istifadə edir, Kalaşovun vasitəsi ilə PKK terror təşkilatına silah ötürür. Xose Qrinda Qonsales Gürcüstan hökumətinin Zaxar Kalaşovun işinin araşdırılmasına onunla yetərli səviyyədə əməkdaşlıq etməməsindən də şikayətlənib.

Xose Qrinda Qonsales onu da bildirib ki, cinayətkar qruplaşmalar Gürcüstanda çox güclüdür, Eduard Şevardnadzenin dövründə hakimiyyətlə sıx əlaqələr qurublar. Prokuror Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra da bu sahədə problemlər qaldığını vurğulayıb.

Siyasi Analitika Mərkəzinin prezidenti Mixail Tulsk isə hesab edir ki, Zaxar Kalaşovun ekstradisiyası Mixail Saakaşvilinin böyük uğurudur. Onun sözlərinə görə, 2005-ci ildə ölən sabiq baş nazir Zurab Jvaniya və 2008-ci ildə həyatını itirən biznesmen Badri Patarkatsişvilidən sonra Zaxar Kalaşov Mixail Saakaşvilinin üçüncü və sonuncu əleyhdarı, düşməni olub. “WikiLeaks” saytının prokurorun söylədiklərini yayması isə Gürcüstan prezidenti üçün “qanuni oğru”nun ekstradisiyasına nail olmaq yönündə əlverişli zəmin yaradıb. Mixail Tulsk hesab edir ki, Zaxar Kalaşovun ekstradisiyası Gürcüstanda hakimiyyətin bir əldə cəmləşməsi prosesini sürətləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar