“Qara qitə”nin işıqlı Ulduzu - HƏYAT HEKAYƏTİ -
14 noyabr 2010 13:30 (UTC +04:00)

“Qara qitə”nin işıqlı Ulduzu - HƏYAT HEKAYƏTİ -

Luiza Diaz Dioqo. Mozambikin ilk qadın baş naziri. Onunla 2008-ci ildə Vyetnamda, Hanoyda keçirilən Ümumdünya Qadın Sammitində tanış olmuşdum. Sammitdəki çıxışı, həyata keçirdikləri layihələr, bu günə və gələcəyə baxışlarına dair fikirləri xoşuma gəlmişdi. Sammitin prezidenti İrene Natividad bizi tanış edərkən, “xanım baş nazir, maraqlı çıxış etdiniz” dedim. O, da gülümsəyərək, “elə siz də” - dedi. Yaxından tanışlığımız belə başladı. Əslində onu qiyabi tanıyırdım, ölkəsi və Afrika qitəsi üçün gördüyü önəmli işlərdən, böyük əziyyətlər, zəhmət hesabına qazandığı uğurlardan xəbərim vardı və onunla yaxından tanış olmaqdan məmnun idim. Söhbət etdik Azərbaycandan, Mozambikdən və dünyadan….

“Taym” jurnalına görə, “qara qitə”dəki kasıb bir ölkənin xanım baş naziri dünyanın ən ali liderləri siyahısındadır və o, “bir zamanlar dövlət kimi mövcudluğu iflasa uğramış ölkənin iqtisadi artımını Asiya ölkələri səviyyəsinə gətirən şəxsiyyət” kimi dəyərləndirilib! Təbii ki, belə bir şəxsiyyətlə, liderlə, qadınla söhbət çox xoş idi.

Afrikanın cənub-şərqində yerləşən Mozambik, əhalisinin 70 faizdən çoxunun yoxsulluq səviyyəsindən də aşağı (!) yaşamasına görə dünyanın ən kasıb ölkələrindən biri sayılır. Bu azmış kimi, ölkədə həm də tez-tez quraqlıq, daşqınlar müşahidə olunur. 2004-cü ildə isə Mozambikin – 17 il davam edən vətəndaş savaşının acı izlərini hələ də “yaşadan” bu balaca ölkənin üstünə gün doğmağa başladı – Luiza Diaqo Mozambikin baş naziri oldu.

Mozambik tarixinin ilk qadın baş naziri

Ölkədə 1975-ci ildən bəri hakim olan FRELİMO-nu (“Mozambik Azadlıq Cəbhəsi” Partiyası) təmsil edən Xanım Dioqo 2004-cü ilin fevralından 2010-cu ilin yanvarına kimi Mozambikin Baş naziri olub. Luiza Baş nazir olmazdan əvvəl, 2005-ci ilin fevralına kimi nazir vəzifəsində çalışıb. O, öncəki 9 il ərzində baş nazir olmuş Paskal Mokumbini əvəz etmişdir.

1958-ci ildə Mozambikda anadan olan Luiza Dioqonun gəncliyi Mozambikin çox ağır dövrünə düşmüşdü. 1980-ci ildə, hələ universitetdə oxuyarkən o, Mozambikin Maliyyə Nazirliyində işləməyə başlamışdı. Bu, ölkə üçün çox ağır zamanlar idi; Mozambik siyasi və hərbi çevrilişlər dövrünün keşməkeşlərini yaşayırdı...

Portuqallar getdi, dərdləri getmədi...

Bu ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik əldə etmiş və Mozambik Xalq Respublikası olmuşdu. Lakin Respublika, Müstəqillik və Sülh... yaxşı nemətlər olsa da, bu sevincin ömrü uzun çəkmədi. Mozambikdə vətəndaş savaşı başladı – ölkəni portuqallardan xilas edən, anti-portuqal mövqeli, kommunist yönümlü “Mozambik Azadlıq Cəbhəsi” (FRELİMO) və anti-kommunist “Mozambik Milli Müqavimət” Partiyası (RENAMO) arasındakı ədavət 17 (!) il davam etdi və milyonlarla (!!!) insanın həyatına son qoydu...

FRELİMO-RENAMO, RENAMO-FRELİMO...

FRELİMO ölkədə birpartiyalı sosialist sistem yaratmışdı, ancaq tez-tez RENAMO-nun müqaviməti ilə rastlaşırdı. Partizan dəstələri körpüləri yandırır, elektrik xətlərini kəsir və yolları bağlayırdı. Bu da ərzaq və dərman çatışmazlığını, işsizliyi, yoxsulluğu artırırdı. Ölkə iqtisadiyyatı dayanmış vəziyyətdə idi. 22 yaşlı Dioqo – bu vətənpərvər qız, bütün olub-bitənlərə cavab axtarırdı. Həyəcanı, axtarışları, eşqi, təlaşı onu Sabaha səsləyirdi. Eduardo Mondleyn Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirən Luiza Dioqo tezliklə nazirlikdə irəli gedərək, 1986-ci ildə şöbə müdiri, 1989-cu ildə isə milli büdcə direktoru oldu. 1992-ci ildə isə London Universitetindən Maliyyə iqtisadiyyatı üzrə magistr dərəcəsi aldı. Daha sonralar o, Dünya Bankında Mozambik üzrə layihə rəhbəri kimi çalışmağa başladı. 1994-cü ildə prezident Çissano hakimiyyətə gəldikdən sonra, artıq istedadlı mütəxəssis, perspektivli kadr kimi diqqəti cəlb etmiş Luizanı FRELİMO hökumətində maliyyə nazirinin müavini vəzifəsinə dəvət etdi. Təklifi qəbul edən Dioqo həmin vaxt 36 yaşında idi.

Dioqo maliyyə nazirinin müavini kimi hökumətin 5 illik inkişaf planının həyata keçirilməsində çox vacib rol oynayırdı. Ölkə hələ də vətəndaş savaşının “nəticəsiz nəticə”sindən – “qalıqlar”dan əziyyət çəkdiyinə görə əsas məqsəd sərhədlərin möhkəmləndirilməsi idi. 1999-cu ilə kimi ikinci inkişaf planı artıq sırf iqtisadi sahəyə yönəlmişdi. Həmin ildə Dioqo maliyyə naziri təyin olundu və o, necə deyərlər, “qollarını çırmalayaraq” Mozambikin əsas problemlərini, vəzifələrini çözməyə davam etdi.

Afrika üçün “ilin maliyyə naziri”

Xanım nazir yoxsulluğu aradan qaldırmaq və iqtisadi inkişafa nail olmağı özünün, ümumən mənsub olduğu hökumətin prioriteti kimi dəyərləndirərək, bu istiqamətdə olumlu addımlara imza atdı. Günü-gündən artmaqda olan nüfuzundan istifadə edən enerjili nazir, bir çox beynəlxalq fondlardan, o cümlədən Dünya Bankından və Beynəlxalq Valyuta Fondundan qrantlar almağa nail oldu. 2000-ci illərdə maliyyə yardımı Mozambikin dövlət büdcəsinin 60%-ni təşkil edirdi. Dioqo təkcə 2004-cü ildə dünya bankından 790 milyon dollar almışdı. Bu yardımlar iqtisadiyyata gərəkli təşəbbüslər etməyə imkan verdi. Buna telekommunikasiyada yeniliklər, kənd təsərrüfatı məhsulunun həcminin artırılması və QİÇS-lə mübariz proqramının maliyyələşdirilməsi daxil idi. Bütün bu uğurlar Dioqonun adı ilə bağlı idi! “The Banker” jurnalı 2004-cü ilin yanvar buraxılışında Dioqonu “Afrika üçün ilin maliyyə naziri” elan etdi!

Yollar, açıq-açığına yuxarı - daha yuxarı aparırdı! Bunu artıq onun rəqibləri də, rəğbət qrupu da görür və barışırdılar.

Xanım Baş nazir!

2004-cü ilin fevralında Mozambikin baş naziri Paskal Mokumbi Beynəlxalq Səhiyyə Təşkilatında işləmək üçün vəzifəsini tərk etdi. Prezident Çisanno isə Dioqoya Baş nazirlik vəzifəsini təklif etdi. Mozambik Konstitusiyasına görə prezident hökumət başçısıdır və beş ildən bir seçilir. Prezident Baş nazirin təyin edilməsi üçün məsuliyyət daşıyır. “Dioqnun baş nazir təyin edilməsi, çubuğun azadlıq üçün mübarizə aparanlardan azadlıqdan sonrakı dövrdə təlim görmüşlərə ötürülməsi idi” – Regional İqtisadi İnkişaf və inteqrasiya hesabatında Bonifaçio Antonio elə beləcə də deyirdi...

Dioqonun ilk addımlarından biri ölkəni 20 ildən artıq müddət ərzində ağuşuna almış QİÇS-ə qarşı mübarizə oldu. 2004-cü ilin hesabatlarına görə 18 milyonluq Mozambik əhalisinin 1,4 milyonu immun çatışmazlığı virusundan əziyyət çəkirdi və hər gün 500 nəfər bu virusa yoluxurdu. Afrika Xəbərlər Xidmətinin hesabatına görə, Dioqo mətbuat konfransında “bütün bu ölçülərə baxmayaraq xəstəlik ölkədə hələ də artmaqdadır. Biz hazırda Mozambikdə yaranmış vəziyyəti qəbul edə bilmərik” - deyə, vəziyyətə strateji münasibətini açıqlayırdı. 2004-cü ilin iyulunda Dioqo QİÇS proqramını açıqladı. Proqramın məqsədi insanları QİÇS barədə bilgiləndirmək; xəstəliyə yoluxmuş insanları və onların ailələrini əlavə gəlirlə təmin etmək; xəstəliyə yoluxmuş insanlar, yaxud bu xəstəlik ucbatından yetim qalmış uşaqlar üçün qayğı mərkəzlərinin yaradılması idi.

O, təhsil və səhiyyə xidmətlərini də genişləndirməyə söz verdi. Bundan əlavə, Dioqo bir çox başqa sahələrdə, o cümlədən ədliyyə və polis sistemində islahatlar edəcəyinə söz verdi. Bütün bunlarla yanaşı o, 2005-ci il mayın 15-də keçirilən mətbuat konfransında əsas məqsədinin ölkədə yoxsulluğun səviyyəsinin azaldılması olduğunu dedi.

Qadın lider kimi Dioqo, bütün Afrika ölkələrinin səhiyyə nazirlərini qitə ərazisində reproduktiv və cinsi sağlamlıq xidmətlərinin pulsuz verilməsinə çağırdı və bu, çox önəmli bir hadisə oldu. Bu xidmətlərin uşaq ölümünü 2/3 qədər, ana ölümünü 3/4 qədər azaldacağı proqnozlaşdırılır. Bu proqramın, QİÇS-in yayılmasının qarşısını alacağına və gender bərabərliyi istiqamətində müsbət töhfələr verəcəyinə ümid bəslənir. BMT buna 2015-ci ilə qədər nail olmağı hədəfləyib.

Bir qadının başlatdığı Yeni Era

2004-cü ilin dekabr seçkilərindən sonra prezident Çissano FREMİLO namizədi Armando Quebuza ilə əvəz olundu. Dioqo Baş nazir vəzifəsində qalırdı, ancaq maliyyə naziri öhdəliklərindən imtina edərək, hökumət işləri ilə daha yaxından məşğul olmağa başlamışdı. Ünlü “Tayms” jurnalının gəldiyi qənaətə görə, onun beynəlxalq arenada nüfuzunun artması hamının diqqətini cəlb edirdi.

2004-cü ildə qəbul olunmuş növbəti 5 illik planda texniki və ali təhsilə də geniş yer ayrılmışdı. Dioqo 2004-cü ilin yanvarında bəyan etdi ki, inkişaf etməkdə olan ölkələr biliklərini və innovasiyalarını dərinləşdirməli, yoxsulluğun aradan qaldırılması üzrə qanunları, plan və proqramları yaratmalı, həyata keçirməli, qiymətləndirməli və uyğunlaşdırmalıdırlar: “Nəzərdə tutduqları strategiyanın uğurla həyata keçirilməsi üçün bütün bunları etmələri vacibdir”. O, bəyan etdi ki, Mozambik xalqı baş nazirini verdiyi sözlərə görə məsuliyyət daşımasına nəzarət edəcək. Dioqo hökumətin strategiyalarını qiymətləndirmək üçün vətəndaşlardan və media nümayəndələrindən ibarət “yoxsulluq observatoriyası” təşkil etməyə başladı. Baş nazir 2004 -cü ildə “The Banker” jurnalına açıqlamasında deyirdi ki, mətbuat və mediya çatışmazlıqları hökumətdən daha tez görür və ölkənin inkişafı üçün birgə çalışmaq lazımdır. O, buna əlavə edərək “Mozambikdə demokratiya dönməzdir” deyə açıqlama verdi.

2004-cü ilin oktyabrında xanım Dioqo, BMT-nin baş direktorlarının görüşünə dəvət olundu. O, dünyanın bütün inkişaf etməkdə olan ölkələrini təmsil etmək üçün seçilmiş az sayda liderdən biri idi! 2005-ci ilin sentyabrında Britaniya Leyboristlər Partiyasının konfransında beynəlxalq natiq kimi çıxışa dəvət olunan Luiza Dioqo, 2007-ci ilin avqustunda yoxsulluğa qarşı mübarizə və sağlamlıq üzrə müdafiəçi kimi özünü təsdiqləmış bu Lider Qadın “Forbes” jurnalının “100 Ən Güclü Qadın” siyahısna düşdü. Dioqo “Qadın nazirlər və Parlamentarilər şəbəkəsi” (MUNİPA) vasitəsilə gender bərabərliyi və qadın hüquqlarının təbliğatında fəal iştirak etməyə başladı. MUNİPA-nın əsas məqsədi qəbul olunmuş qanunların gender bərabərliyinin tələblərinə və qadınların hüquqlarının təminatına uyğun gəlməsidir. Onun baş nazirliyi dövründə kişilər və qadınlar arasında bərabərliyin təmin edilməsi Mozambik hökumətinin əsas məqsədlərindən birinə çevrildi. O, bu qısa zaman ərzində ölkəni müəyyən qədər də olsa çətin vəziyyətdən çıxarıb, insanların öləziməkdə olan ümidlərini qaytara bilib. Bunu edən fədakar bir QADIN, bir LİDERdir.

Baş nazir Luiza Dioqo Qadın Dünya Liderləri Şurasının üzvü kimi də fəal çalışmaları ilə seçilir. Qeyd edim ki, şura keçmiş və hazırkı qadın prezidentlərin və baş nazirlərin beynəlxalq şəbəkəsi olub, qadınlar və ədalətli inkişaf üçün vacib olan bir çox məsələlər üzərində kollektiv fəaliyyət aparmaq üçün yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaq missiyasını daşıyır.

Ölkəcanlı, ailəcanlı, sənətcanlı

Mozambikin yorulmaz lideri həm də gözəl ailə sahibidir. Mozambikin məşhur hüquqşünaslarından olan Albano Silvanın həyat yoldaşı olan Luiza Dioqonun Nelson, Joao Nuno və Laura Solanq adlı 3 övladı var. Xanım lider bu gün də vaxtının çoxunu həyatını sərf etdiyi ölkəsinin problemlərini həll etməyə yönəldir. Onun əsas məqsədi Mozambiki və bütün inkişaf etməkdə olan ölkələri öz-özünü təmin etməyə yönəltməkdir. Katolik olan xanım Dioqo portuqal, ingilis və nyunqve dillərində danışa bilir. Boş vaxtlarında kitab oxumağı, musiqi dinləməyi, ailəsi və dostları ilə vaxt keçirməyi xoşlayan Luiza Dioqoya bu gün də ölkəsində, Afrika qitəsində və dünyada bir Lider olaraq, bir Qadın olaraq böyük rəğbət bəslənilir və o bu gün də İNSANLIĞA xidmət istiqamətində fədakarcasına çalışmaqda davam edir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar