Rus pilotun  uğursuz qisası, yoxsa “cherchez la femme”
13 noyabr 2010 19:27 (UTC +04:00)

Rus pilotun uğursuz qisası, yoxsa “cherchez la femme”

70 illik tarixdə baş verən hadisələrin çoxu ört-basdır edilib, məxfiləşdirilib və ya sadəcə olaraq sənədləşdirilməyib. Cinayət işlərinin üzərindən məxfilik qrifi götürüldükdən sonra isə bir çox işlər ictimaiyyətə aydın olub.

Lent.az sizə Sovet İttifaqında baş vermiş bir təyyarə hücumunun tarixçəsini təqdim edir.

26 sentyabr 1976, Novosibirsk. Uçuşa 2 saat qalmış 24 yaşlı pilot Vladimir Serkovun idarə etdiyi “AN-2” təyyarəsi 1 ton yanacaq götürərək sərnişinsiz havaya qalxır. Serkovu hər kəs yaxşı tanıdığı üçün heç kəs təyyarəni yoxlamır. Havaya qalxan təyyarə şəhərin üstündə 3 dövrə vurduqdan sonra tam sürətlə beşmərtəbəli binaya doğru irəliləyir. İnsanlar təyyarənin alçaqdan uçmasına təəccüblənsələr də, heç nə başa düşmürlər. Təyyarə bir qədər də aşağı enərək tam sürətlə “xruşovka”ya tərəf irəliləyir və ikinci və üçüncü mərtəbə arasındakı bloka çırpılır. Mühərrik sakinlərdən birinin yataq otağına düşür. Alovlar içində olan füzelaj isə binanın qarşısına düşərək bloka girişi bağlayır. Hər tərəfi alov bürüyür. Həyəcan içində olan insanlardan biri 8 aylıq körpəni 5-ci mərtəbədən yerə atır, lakin həyətdəki insanlar onu sağ-salamat tutaraq həkimə aparır. Milis və yanğınsöndürənlər bir-neçə dəqiqə sonra hadisə yerinə gəlir. Bu kamikadze hücumu zamanı 5 nəfər (o cümlədən pilot) həlak olur, 11 nəfər yanğın xəsarəti alır. İşin istintaqını aparan KQB bütün sənədləri məxfiləşdirir.

Görəsən SSRİ-nin dünyaya ağalıq etmək niyyətində olduğu bir dövrdə gənc pilotu bu addımı atmağa nə vadar edib?

Pilot Vladimir Serkovun arvadı bir-neçə həftə əvvəl əri ilə dalaşaraq atası evinə gedibmiş. Gedərkən 2 yaşlı uşağı da götürən Tatyana bir daha geri qayıtmaq istəməyib. Vladimir dəfələrlə qayınatasının evinə gəlsə də, sonuncu onu hər dəfə təhqir edərək qapıdan qovub. Sonuncu gəlişində Serkov arvadından heç olmazsa 1 həftəlik qayıtmasını xahiş edib. Arvad gəlməsə onun rütbəsi artmayacaq və çoxdan arzusunda olduğu “TU 134”ün şturvalına həsrət qalacaqdı (bu xəstə təfəkkür keçmiş sovet ölkələrində hələ də de-fakto qüvvədədir). Tatyananın son sözü bu olur: boşanacağam.

Bu sözü eşidən V.Serkov evə gəlir və ertəsi gün sovet adamlarının çoxunun 20 il sonra xəbər tutacağı hadisəni törədir. Pilot özü ölsə də qayınatası və arvadı hadisədən təsadüf nəticəsində salamat qurtula bilirlər. Belə ki, həmin gecə arvadı və atası gecəni qohumlarının evində keçiriblər. İstintaq materiallarına görə, kürəkənin hər hansı hərəkətindən ehtiyat edən qayınata evi tərk edib.

Volodyanın dostları istintaq ifadəsində onun ağıllı və uzaqgörən adam olduğunu, idman ustası və qabiliyyətli pilot olduğunu qeyd ediblər. Lakin onun qayınatası və arvadı barədə heç kim müsbət fikir söylənməyib.

Hadisədən bir müddət sonra bina təmir olunaraq yenidən sakinlərin istifadəsinə verilib...

Vüqar Ələsgərov
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937

Oxşar yazılar