Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır
26 oktyabr 2020 19:56 (UTC +04:00)

Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrdan etibarən şanlı Ordumuzun başladığı müzəffər yürüş, dövlət başçısının xalqa müraciətləri və xarici mətbuata verdiyi müsahibələr regionun siyasi mənzərəsində nə qədər böyük zəlzələ effekti yaradırsa, xalqımızın qəlbində bir o qədər dərin sevinc, qürur və qəhrəmanlıq hissi formalaşdırır. Ordumuzun düşmənin 30 il müddətində işğalda saxladığı ərazilərimizdə yaratdığı müdafiə zolağını, mühəndis-istehkam qurğularını qısa vaxtda darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini və 170-dən çox qəsəbə və kəndimizi azad etməsi dünyanın hərb tarixinə düşəcək peşəkarlıq və qəhrəmanlıq nümunəsidir. 

Müzəffər Ali Baş Komandanın bugünkü tarixi çıxışında Azərbaycanın öz suveren ərazilərində apardığı vətən müharibəsinə qarşı açıq və dolayısı yolla mane olmağa çalışanlara və işğalçı Ermənistana dəstək olanlara çox sərt və birmənalı xəbərdarlıq etdi. Cənab Prezidentin bu qətiyyətli çıxışı bir daha göstərdi ki, heç kimi Azərbaycanı haqq işindən döndərə bilməz, heç bir təzyiq Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Çünki xalqımız bu gün vahid məqsəd uğrunda Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Bu birlik düşmənə və onun havadarlarına ciddi mesaj və qələbəmizin əsas səbəbidir. 

Cənab Prezidentin bugünkü tarixi çıxışında diqqəti xüsusilə çəkən digər bir mühüm məsələ Xocalı soyqırımını törədənlərin cəzalandırılması ilə bağlı söylədiyi fikirlərdi:  “Mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Bu döyüşlərdə, son bir ayda Xocalı soyqırımını törədən bir çox cinayətkarlar məhv edildi. 

Ali Baş Komandanın 20-ci əsrin ən böyük insanlıq faciələrindən, soyqırımlarından olan Xocalı Soyqırımı ilə bağlı söylədiyi bu fikir bizi riqqətə gətirdi, qəlbimizi bir xeyli rahatlatdı. Xocalı qatillərinin məhv edilməzi ilahi və tarixi ədalətin bərpasıdır. 

 Cənab Prezidentin qətiyyəti, sarsılmaz iradəsi və rəhbərliyi ilə qəhrəman Ordumuzun torpaqlarımızı işğaldan azad etməyə başlaması və  xalqımızın qisasını mənfur düşməndən alması müasir tariximizin ən unudulmaz və misilsiz hadisəsidir.

 Eşq olsun, Müzəffər Ali Baş Komandana!

 Yaşasın, Azərbaycanın qəhrəman Ordusu!
 Qarabağ Azərbaycandır!

Azay Quliyev, Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri 

# 814
avatar

Oxşar yazılar