09:04
06 Oktyabr 2020

Dünyanın bu günü  - VİDEO

TUR HEYERDAL

(1914-2002)

Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal 1914-cü il oktyabrın 6-da Norveçin cənubundakı kiçik Lavrik şəhərciyində anadan olub. Oslo Universitetində təhsil alıb. İlk ekspedisiyası 1937-38-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olub. 1947-ci ildə Sakit okeanı "Kon-Tiki" adlı salda keçib, məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirib. Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntıları ilə də məşhurdur. Bir sıra kitabların və cəsarətli ideyaların müəllifi kimi dünya tarixində iz qoyub. Onun "Kon-Tiki" adlı ilk kitabı dünyanın 66 dilinə tərcümə edilib. Bu kitabda əks olunan və həyata keçirdiyi digər ekspedisiyalar 1951-ci ildə "Ən yaxşı sənədli film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb. Tur Heyerdal 18 aprel 2002-ci ildə vəfat edib.

YAŞAR KAMAL

(1923-2015)

Türkiyəli yazıçı Yaşar Kamal 6 oktyabr 1923-cü ildə Adananın Osmaniyə qəsəbəsinin Həmitə kəndində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. Sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suvaran, müəllim, kitabxanaçı, İstanbulda "Cümhuriyyət" qəzetində müxbir işləyib. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb. Əsərləri 39 dilə tərcümə olunub. Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən ilk türk yazıçısıdır. Bir çox mükafatlar və Fransanın “Fəxri legion” ordeni ilə təltif edilən Yaşar Kamal 28 fevral 2015-ci ildə vəfat edib.

HAFİZ ƏSƏD

(1930-2000)

Suriyanın hərbi, siyasi və dövlət xadimi, general Hafiz Əsəd 1930-cu ilin bu günü anadan olub. 1955-ci ildə Homs Hərbi Akademiyasını pilot zabit olaraq bitirib. BƏƏS Partiyasının hərbi qanadında və 1963-cü il hərbi çevrilişində mühüm rol oynayıb. 1965-ci ildə Hava Qüvvələrinin komandanlığına gətirilib, daha sonra müdafiə naziri və baş nazir olub. 1971-ci ilin martında ümumxalq səsverməsi ilə prezident seçilib və 29 il hakimiyyətdə qalıb. Hafiz Əsəd 2000-ci il iyunun 10-da vəfat edib.

NURƏDDİN MEHDİXANLI

(1956)

Azərbaycanın xalq artisti, aktyor Nurəddin Əzulla oğlu Quliyev (Nurəddin Mehdixanlı) 1956-cı il oktyabrın 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Televiziyasında işləyib. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Prezident təqaüdçüsü Nurəddin Mehdixanlı Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə müxtəlif illərdə Prezident Mükafatı, “Cəfər Cabbarlı” mükafatı və “Şöhrət” ordeni ilə təltif olunub.

ƏNVƏR SADAT

(1918-1981)

Misirin 3-cü prezidenti Ənvər Sadatın anım günüdür. O, 1918-ci il dekabrın 25-də əl-Minufiyə şəhərinin Əbul-Qum kəndində doğulub. Orta təhsilini bitirdikdən sonra Hərbi Akademiyaya daxil olub. Camal Əbdülnasir ilə “Azad Hərbçilər Hərəkatı”nı qurub. İkinci Dünya Müharibəsində işğalçı Böyük Britaniya ordularına qarşı çıxdığı üçün ingilislər tərəfindən həbs olunub. 1952-ci ildə Misirdə təşkil olunan hərbi çevriliş barədə məlumatı radio vasitəsilə xalqa elan edib. Hərbi çevrilişdən sonra Camal Əbdülnasirin köməkçisi olub, daha sonra bir çox nazir vəzifələrini və Ərəb Birliyinin baş katibi vəzifəsini icra edib. 1970-ci ildə Camal Əbdülnasirin vəfatından sonra Misirin prezidenti seçilib. İsrailin baş naziri Beginlə birlikdə 1978-ci ildə Nobel mükafatına layiq görülüb. Ənvər Sadat 1981-ci il oktyabrın 6-da Qahirədə keçirilən hərbi parad zamanı əsgərlər tərəfindən qətlə yetirilib.

SÜLEYMAN ƏHMƏDOV

(1940-1992)

Şəhid Süleyman Rəhim oğlu Əhmədovun xatirə günüdür. O, 1940-cı ildə Göyçə mahalının Ağzıbir kəndində anadan olub. 1950-ci ildə ailəsi ilə birlikdə doğma yurdundan Ağdama deportasiya olunub, daha sonra Ağdamdan Daşkəsən rayonuna köçüb. 1957-ci ildə hərbi xidmətdə olub. Saratov şəhərində yerləşən SSRİ DİN-in xüsusi təyinatlı hərbi məktəbini bitirib. 28 il hərbçi olduqdan sonra mayor rütbəsində təqaüdə çıxıb və Nizami rayon Xalq Təhsili Şöbəsində ibtidai hərbi hazırlıq üzrə müfəttiş işləyib. 1991-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, Laçın rayon könüllülərindən ibarət hərbi motoatıcı batalyona komandirlik edib. Süleyman Əhmədov 6 oktyabr 1992-ci ildə şəhid olub.

Dİgər xəbərlər