"Bir sual, bir cavab" - Səfərbərliyə çağırılanların işlə bağlı problemi olar bilərmi?
29 sentyabr 2020 19:19 (UTC +04:00)

"Bir sual, bir cavab" - Səfərbərliyə çağırılanların işlə bağlı problemi olar bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu səfərbərliyə cəlb olunanların iş yerləri ilə bağlıdır.

Belə ki, sosial şəbəkədə səfərbərliyə çağırılanların iş məsələsi ilə bağlı suallar paylaşılır. Bəzi istifadəçilər çağırışa gedənlərin hazırkı iş yerlərində problem olacağından narahatdır. Sualların bir qismi də səfərbərliyə cəlb olunanların maaşları ilə əlaqədardır.

Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı bildirib ki, belə hallarda işçilərin iş yeri və orta aylıq əməkhaqqı saxlanılır:

“Qanunvericiliyin tələbinə görə hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçilərin iş yeri və orta əmək haqqı saxlanılır. Belə problemlə vətəndaşın üzləşməsi mümkün deyil. Əgər belə bir hal olsa, vətəndaş məhkəməyə üz tuta bilər. Məhkəmə həm onun problemini həll etməli, həm də kompensasiya məsələsini təmin etməlidir.

Səfərbərliyə gedən şəxslərə qarşı belə pozuntuya yol verən müəssisə rəhbəri qanunvericiliyə əsasən, məsuliyyətə cəlb olunur. Ümumiyyətlə, hərbi nəqliyyat vəziyyəti də eyni qaydada həyata keçirilir. Yəni, vətəndaşdan alınan nəqliyyat vasitəsinə dəyən ziyana görə, kompensasiya ödənilir.

Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 52.1-ci maddəsinə görə, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdanadək təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir”.

# 1096
avatar

Mehman Nəbiyev

Oxşar yazılar