Azay Quliyev: "Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!"
27 sentyabr 2020 13:23 (UTC +04:00)

Azay Quliyev: "Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!"

 

 

 

“Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alıb. Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq, onu geri oturdub və bütün cəbhə boyu əks-hücuma keçib. Daxil olan məlumatlara görə düşmən ordusu ciddi itki verərək geri çəkilir. Azərbaycanın qəhrəman əsgərləri 30 il işğalda qalmış kənd və qəsəbələrimizi düşmən tapdağından azad edir”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

 

Millət vəkili bildirib ki, dövlətimiz, xalqımız və ordumuz üçün torpaqlarımızı tam olaraq işğaldan azad etməkdən ötrü tarixi şans yaranıb.

 

“Odur ki, ictimai təşkilatlardan, siyasi partiyalardan, mətbuatdan və bütövlükdə xalqımızdan asılı olan nədirsə onu etməli və tarixi fürsəti qaçırmayaraq uzun müddət arzu etdiyimiz Qarabağın və ətraf rayonların işğaldan azad olunmasına nail olmalıyıq.

 

Bunun üçün:

 

1) Ali Baş Komandan və Ordumuzun ətrafında daha sıx və yumruq kimi birləşməliyik;

 

2) Xalq, millət və cəmiyyət olaraq hazırkı məsuliyyətli və tarixi dönəmdə Vətən naminə həmrəy olmalı, "hər şey cəbhə üçün, hər şey vətən üçün" devizi ilə yaşamalıyıq. Ayıq-sayıq olmalı və bütün sahələrdə düşmənin çeşidli  təxribatlarını və panika yaymaq istəklərini vaxtında müəyyən edib qarşısını almalıyıq;

 

3) Cəbhəyanı rayonlarda yaşayan əhalimiz daha diqqətli olmalı və rəsmi məlumatlardan başqa heç bir xəbər və məlumatlara inanmamalıdır;

 

4) Ehtiyac olduğu təqdirdə hər birimiz yaşımızdan və tutduğumuz vəzifədən asılı olmayaraq cəbhəyə getməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq.

 

Bizim işimiz haqq işidir, Vətən uğrunda apardığımız mücadilədir!

Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!

Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik!

 

Allah Ordumuzu qorusun və müzəffər etsin!”

 

 

# 1660
avatar

Oxşar yazılar