Virusun yeni dalğası gəlir – MÜTƏXƏSSİS HAZIRLIQ TƏDBİRLƏRİNİ AÇIQLADI
18 sentyabr 2020 18:02 (UTC +04:00)

Virusun yeni dalğası gəlir – MÜTƏXƏSSİS HAZIRLIQ TƏDBİRLƏRİNİ AÇIQLADI

Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin ağırlaşmağa başladığı barədə açıqlama yayıb. Hazırda Avropada gündəlik yoluxma hallarının sayı mart ayındakı vəziyyəti üstələyib. Virusa yoluxanlar arasında gənc və orta yaşlı şəxslərin üstünlük təşkil etməsi isə vəziyyətin daha da təhlükəli şəkil almasına səbəb olub. Mütəxəssislər bunu qitədə virusun yeni dalğası kimi qiymətləndirir. Həmçinin bəzi tibb mütəxəssisləri yeni dalğanın bütün ölkələri əhatə edəcəyi ilə bağlı həyəcan təbili çalıb.

Mövzu ilə əlaqədar olaraq Lent.az-ın suallarını cavablandıran Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, Azərbaycanda COVID-19-un yeni dalğası qaçılmazdır:

“Sadəcə olaraq, virusun yeni dalğasının hansı səviyyədə olacağı bəlli deyil. Yəni, növbəti dalğa zamanı yaydakı kimi kütləvi yoluxma hallarının olub-olmamasını Azərbaycan üçün dəqiq proqnoz etmək mümkün deyil, çünki biz digər ölkələrdəki kimi yumşalmalara gedən zaman virus daşıyıcısı qalıq xəstələrin sayını dəqiq bilmirdik. Amma hər kəs bilməlidir ki, bu təhlükə Azərbaycan üçün hələ də var, realdır”. 

Azərbaycanlı alim hesab edir ki, virusun yeni dalğası zamanı az itki ilə çıxmaq üçün COVID-19-la mübarizə strategiyası gücləndirilməlidir: “Bununla yanaşı, dəqiq yoluxma hallarının müəyyənləşdirilməsi üçün fərqli test strategiyaları tətbiq edilməlidir. Ölkəmizdə yeni dalğaya qarşı hazırlıq işləri çərçivəsində tibbi personallar müəyyən kurslara cəlb edilməlidir. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin tələbələrinə də koronavirus xəstələri üçün ayrılmış tibb müəssisələrində təlimlər keçirilməlidir. Bu, virusun yeni dalğası zamanı kütləvi yoluxma hallarının olacağı təqdirdə virusla ön cəbhədə mübarizə aparan həkimlərin dəstəyi deməkdir. Eyni zamanda, belə olan halda daha xaricdən əlavə tibb heyətinin gətirilməsinə ehtiyac qalmayacaq”.

# 12886
avatar

Oxşar yazılar