Qarabağa gedən yol dövlətimizin və ordumuzun yanında olmaqdan keçir - VİDEO
15 iyul 2020 15:34 (UTC +04:00)

Qarabağa gedən yol dövlətimizin və ordumuzun yanında olmaqdan keçir - VİDEO


Dünən axşam saatlarından sonra Azərbaycan son illərin ən uzun gecəsini yaşadı. Bakıda və bölgələrdə minlərlə insan ordumuza dəstək vermək üçün küçələrə axışdı. Ən böyük aksiya isə təbii ki, paytaxtda baş tutdu.

APA TV-nin Şəhidlər Xiyabanı qarşısında toplaşan böyük bir kütlə dövlətə və onun ordusuna dəstək nümayiş etdirərək hər an döyüşə hazır olduqlarını bəyan etdi. “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Vur keç səngəri, Azərbaycan əsgəri”, “Ali Baş Komandan, silah ver bizə” şüarları paytaxt küçələrini lərzəyə gətirirdi. Dinc şəraitdə baş tutan dəstək yürüşünə polis müdaxilə etmədi.

Lakin təəssüf ki, antimilli “beşinci kolon”un nümayəndələri həm polisin loyallığından, həm də insanların saf duyğularından istifadə edərək, siyasi şüarlar səsləndirməyə və aksiyanı hakimiyyət əleyhinə çevirməyə cəhd etdi. Təxminən saat 02:00 radələrində isə bir qrup şəxs Milli Məclisin binasına daxil olub dövlət əmlakına külli miqdarda zərər vurdu. Üstəlik, bu azsaylı ünsürlər onların hərəkətlərini lentə alan media nümayəndələrinə də qarşı zorakılıq törətməkdən çəkinmədi.

Erməni dəyirmanına su tökən bir qrup şəxsin Qarabağa orduya dəstək adı altında dövlətimizin ali qanunverici orqanının binasına soxularaq qanunsuz əməllər törətməsi və dəstək aksiyasına gələnləri də bu işə təhrik etməyə çalışması utancvericidir. Hətta Şəhidlər Xiyabanı önündə dayanmaları belə onları çirkin əməllərindən çəkindirmədi, şəhidlərin müqəddəs ruhlarından da utanmadılar. Halbuki Qarabağa gedən yol Milli Məclisin qapısını qırıb içəri daxil olmaqdan yox, cəbhədə gərgin döyüşlər getdiyi bir vaxtda dövlətimizin və ordumuzun yanında olmaqdan keçir.

Sevindirici haldır ki, həm polisin qətiyyəti, həm də Azərbaycan xalqının müdrikliyi sayəsində heç bir ciddi qarşıdurma olmadan bu provokasiyanın qarşısını almaq mümkün oldu. Bununla da psevdovətənpərvərlərin Azərbaycanımızı hansısa Yaxın Şərq ölkəsinin vəziyyətinə salmaq niyyəti iflasa uğradı.

Bu gün hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Azərbaycan dövləti əmin əllərdədir, onun sərhədlərini qoruyan rəşadətli ordusu, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisi var. Hamı bilir ki, zərurət yaranacağı halda, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bircə əmri ilə əli silah tutan bütün vətəndaşlarımız döyüşlərə qatılacaq. O gün isə uzaqda deyil...

# 2479
avatar

Oxşar yazılar