"Ermənistanın öz daxilində vəziyyət çox gərgindir" - Hikmət Hacıyev
13 iyul 2020 19:40 (UTC +04:00)

"Ermənistanın öz daxilində vəziyyət çox gərgindir" - Hikmət Hacıyev

“Bütün dünya birliyi pandemiyaya qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan tərəfindən Azərbaycana qarşı təxribat törədilib”.

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bundan əvvəl Ermənistan tərəfi çıxış edərək qeyd etmişdi ki, onlar guya BMT Baş Katibinin qlobal atəşkəs haqqında təşəbbüsünü dəstəkləyirlər və buna sadiqdirlər: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birlikdə olan bəyanatında da bu məqam bu və ya digər formada əksini tapmışdı. Bunun müqabilində biz Ermənistanın növbəti riyakarlığının, çirkin oyununun və hiyləgərliyinin bir daha şahidi olduq. Amma bu hiyləgərliklə özlərini rüsvay etdilər, özlərini çətin vəziyyətə qoydular”.

 

H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən bu provokasiyanın həyata keçirilməsini bir neçə amillə izah etmək olar: “Birincisi, Ermənistan işğal və təcavüzə görə məsuliyyətdən qaçmağa çalışır. İkincisi, onlar başa düşürlər ki, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir, bunun başqa yolu yoxdur. Beynəlxalq ictimaiyyət tərəfindən gələn təzyiqlər də bunu göstərir”.

Prezidentin köməkçisi bildirib ki, son dövrlər Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda, ümumiyyətlə beynəlxalq müstəvidə mövqeyi daha da güclənir: “Qəbul edilmiş qərarlar, qətnamələr bunu bariz şəkildə göstərir. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qeyri-qanuni seçkilər bütün beynəlxalq ictimaiyyət tərəfindən qəti və birmənalı şəkildə pislənildi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə koronavirus dövründə çoxsaylı beynəlxalq tədbirlər keçirildi. Həmçinin, dünya birliyinin yekdil dəstəyi ilə - 130-dan artıq dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi ilə qlobal gündəliyə aid olan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına nail olduq. 10 iyul tarixində BMT-nin prosedurlarına uyğun olaraq və Baş katibin də BMT Baş Assambleyasına verdiyi fərman əsasında bu sessiya çağırıldı. Azərbaycanın bütün bu uğurları, əldə etdiyi nailiyyətləri Ermənistanı ciddi şəkildə narahat edir”.

Hikmət Hacıyev əlavə edib ki, eyni zamanda Ermənistanın öz daxilində vəziyyət çox gərgindir: “Ümumiyyətlə bu günə qədər Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürürdü. Ölkənin siyasi sistemi böhran vəziyyətindədir. Belə olan halda Ermənistan rəhbərliyi COVİD-19-a qarşı olan yarıtmaz siyasətini də ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün belə provokasiyalara əl atdı. Bütün bunların fonunda Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində təxribat törədildi. Bir daha qeyd etmək istərdik ki, bunun məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə cavab olaraq zəruri tədbirlər görülür və görülməkdədir”.

# 3127
avatar

Oxşar yazılar