19:42
17 İyun 2020

Gözəl və güclü saça sahib olmağın SİRLƏRİ

Saçlar qadının təbii aksesuarıdır. Dövrümüzün ən böyük problemlərindən biri isə saç qırılması və tökülməsidir. Əvvəllər bu 40 yaşından sonra başlayırdısa, hazırda yaş həddi 20-yə qədər düşüb. Mütəxəssislərin fikrincə qidalanma və ekoloji faktorlar saçlara birbaşa təsir edir. Bəs görəsən saçlarımızı necə daha sağlam və güclü edə bilərik?

Lent.az gözəl saça sahib olmağın sirlərini öyrənmək üçün mütəxəssisə müraciət etdi.

Həkim-kosmetoloq Samirə Nizamiqızının sözlərinə görə sağlam saça sahib olmaq üçün ilk növbədə stressdən uzaq olmaq lazımdır. Düzgün qidalanmaq, xüsusilə də, tərkibində “A”, “E” vitamini olan məhsulların qəbulu olduqca əhəmiyyətlidir:

“Qaraçörəkotu, şamağacı və gənəgərçək yağı tərkibli maskaları effektivdir. Mən yay aylarında həm pasientlərimə həm də öz yaxınlarıma bunu məsləhət görürəm. Hazırkı mövsümdə təbiət qoynunda olan gicitikəndən, çobanyastığından təbii dəmləmələr edə bilərsiniz. Xüsusən də sarı saçlar üçün çobanyastığı gözəl rəng və parlaqlıq verir. Kimin saçı çox tökülürsə təzə yetişən qozun yaşıl hissəsi bunun qarşısını alır. Amma yenə də şamağacı və qaraçörəkotu yağından aldığım gözəl nəticəni heç bir maskadan almamışam”.

Samirə xanım onu da qeyd etdi ki, günəş şüaları saçlara çox ziyanlıdır və mütləq şəkildə bundan qorunmaq lazımdır:

“Saçları günəş şüalarından qorumaq üçün xüsusi “sprey”lər belə var. Bundan əlavə şlyapalardan “kepka”lardan istifadə etmək olar. Biz hər zaman deyirik ki bir qışdan çıxanda birdə yaydan sonra həm dəriyə həm də saçlara xüsusi qulluq lazım olur. Çünki həm günəş şüaları həm də soyuq hava saçlara eləcə də dəriyə təsirsiz ötüşmür”.

Banu

Dİgər xəbərlər