Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başladı
29 may 2020 15:38 (UTC +04:00)

Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başladı

İyunun 30-u saat 11.00-dan Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayacaq və iyulun 7-si saat saat 11:00-dək davam edəcək.

APA-Economics”in Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 iyul 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bina Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 nömrəli müsbət rəyi mövcuddur.

Elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti 32 130 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd edək ki, satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq olar:

1 saylı binada satışa çıxarılan mənzillər

Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər:

# 2575
avatar

Oxşar yazılar