15:15
15 Aprel 2020

Qubada toxunan xalça, Bakıda milyon qızıl gül, manyakın öldürüyü 6 qadın – Səbuhi Məmmədli yazır

1997-ci il. Avropa İrlandiyanın paytaxtı Dublində keçiriləcək növbəti “Eurovision”a hazırlaşır. Hələ 6-7 ay əvvəldən bəlli idi ki, Rusiyanı bu müsabiqədə Valeri Meladze təmsil edəcək. Amma… Yarışmaya 3 ay qalmış Meladze çox pis xəstələnir. Həkimlər onun uzun müddət müalicə olunacağını deyirlər. Rusiyanın İctimai Kanalı ORT-də isə şok yaşanır. Bəs necə etməli, müsabiqəyə kimi göndərməli? Dərhal Meladzeni əvəz edəcək birini axtarmaq qərarına gəlirlər. ORT rəhbərliyi təcili qərar qəbul etməliydi. Çünki mayın 3-ə, yarışmanın startına az qalmışdı. Belə olan təqdirdə, ORT rəhbərliyi 48 yaşlı Alla Puqaçovanın üstündə dayanır. Əslində, Puqaçova üçün təzə mahnı da yazmağa ehtiyac yox idi. Çünki Meladze üçün mahnını da məhz Puqaçova özü bəstələmişdi. Mahnı elə beləcə də adlanırdı: “Primadonna”.

Puqaçovanı "Eurovision"a getməyə isə heç cür razı sala bilmirdilər. Alla Borisovna yaşının çox olduğunu bəhanə gətirərək, Dublinə getmək istəmirdi. Amma son anda onu yola gətirdilər. Puqaçova Dublinə gedir, “Primadonna”nı oxuyur və 33 bal yığaraq 25 iştirakçı arasında 15-ci yeri tutur. Məhz 1997-ci il “Eurovision”ından sonra və məhz Meladze, Leontev, Qubin, Presnyakov, hətta Kobzon kimi rus estrada bomondlarının qeyri-rəsmi qərarıyla Puqaçovaya qeyri-rəsmi “Primadonna” titulu verilir. Sonradan isə onu “rus estradasının Priması” da adlandırmağa başlayırlar…

Hə, bu gün Primadonnanın, Alla Borisovna Puqaçovanın 71 yaşı tamam olur. 1949-cu il aprelin 15 də Moskvada dünyaya göz açıb. Bu günə qədər bir çox mükafatlara sahib olan ifaçı müğənnilik fəaliyyəti ilə yanaşı, bəstəkar, aktrisa, aparıcı, rejissor kimi də öz sözünü deyib.

Onun ilk qastrol səfəri 1966-1967-ci illərdə “Yunost” radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə olub. Dünyanın müxtəlif ölkələrində saysız-hesabsız konsertlər verən müğənninin “Bez tebya”, “Million alıx roz”, “Ti tam, ya tam”, “Tak je kak vse”, “Meri”, “Lyubov”, “Belıy sneq” və “Aysberq” kimi sevilən bir çox mahnıları var. Yeri gəlmişkən, sonuncu mahnı barəsində bir neçə kəlmə.

Bir qədər əvvəl Rusiya Dövlət Teleradio Fondu Alla Puqaçovanın “Aysberq” mahnısına çəkilən videoklipi paylaşıb. Sən demə, bu klip 36 il bundan əvvəl, 1984-cü ildə Soçidə çəkilib. “Rossiyskaya qazeta” yazır ki, Leninqrad televiziyasında premyerasından sonra video efirdən yığışdırılıb. Ölkə rəhbərliyi guya müğənninin pozalarını olduqca vulqar hesab edib. Qeyd edək ki, mahnının musiqisini bir vaxtlar Puqaçovanın ansamblında olan İqor Nikolaev yazıb.

Alla Borisovnanın həyatı barədə çox yazılıb. Amma elə məqamlar var ki, o barədə danışmamaq olmur. Məsələn, bir vaxtlar SSRİ-nin az qala bir nömrəli estrada müğənnisi, SSRİ xalq artisti adına layiq görülən sonuncu incəsənət adamıdır.

Dəhşətli Çernobıl qəzasında sonra bu şəhərdə hələ həyat özünə gəlməmiş… Puqaçova fəlakət zonasına gəlir. Və Çernobıl sakinlərinə mənəvi dəstək olaraq, bu şəhərdə konsert verir.

2005-ci ildə Alla Puqaçova özünün xüsusi mükafatını “Allanın Qızıl Ulduzu”nu təsis edib Həmin mükafat hər il gənc musiqiçilərə təqdim olunur. Mükafatın dəyəri isə 50 min dollardır və onun öz vəsaiti hesabına ödənilir.

Müğənninin Moskvanın mərkəzində 500 kv.m mənzili, Moskva ətrafında gözəl təbiətə malik Berejki kəndində 50 sot ərazidə tikilmiş möhtəşəm bağ evi var. Amma bütün bunlar onun əmlakının az bir hissəsidir. Əvvəllər onun Mayamidə də mənzili olub, amma sonradan satıb. Bir qədər əvvəl isə əri, şoumen Maksim Qalkinlə birgə Cənubi Kiprdə villa alıblar. Xanım müğənninin avtoparkında isə qızılı rəngli “Mersedes” və “Rolls Roys Phantom” avtomobillərinin olduğu deyilir.

“Forbes”in məlumatına görə, Puqaçovanın varidatının dəyəri 100 milyon dollardan çoxdur.

Bəlkə də az adam bilir ki, Alla Puqaçovaya görə 6 qadın öldürülüb. Hə, Anatoli Hüseynoviç Nağıyev adlı manyak 80-ci illərdə Puqaçovanı öldürmək qərarına gəlir. Amma təbii ki, Alla Borisovna onun üçün əlçatmaz olub. Psixi pozuntusu olan Nağıyev əvəzində Puqaçovaya bənzər 6 qadını öldürüb və zorlayıb.

Puqaçova həm sovet, həm də müstəqillik dövrundə bir neçə dəfə Bakıda olub, konsert verib. Yeri gəlmişkən, həmin konsertlərdən birindən sonra Qubanın Qrız kəndindən olan xalçaçılara onun portreti sifariş verilibmiş. Həmin xalçanı isə Alla üçün Gülağa adlı bir tanışı sifariş etmişdi. Gülağa buzovnalıydı, Leninqradda gül alveri ilə məşğul olurdu. Puqaçova ilə də münasibətləri olub. Bu həmin Gülağa idi ki, Allanın “Milyon qızıl gül” mahnısına görə onun ayaqları altına o qədər qızıl gül tökdürdüyü barədə söhbətlər dolaşırdı.

Sonuncu dəfə Puqaçova Bakıda 2009-cu ildə olub.

Həmin vaxt jurnalistlərə açıqlamasında yenidən Bakıya gəlməkdən məmnunluğunu ifadə edərək, Azərbaycana konsert səfərinin son olacağını vurğulayıb.

“Yaradıcılığımın ən gözəl çağları məhz Bakı ilə bağlıdır. Burda çoxlu dostlarım var. İnanmaq istəmirəm ki, bu, Bakı səhnəsində son çıxışımdır. Amma bu həqiqətdir. Bundan sonra Bakıya ancaq qonaq kimi gələcəyəm. Bu şəhərdə keçirdiyim hər bir an, hər bir dəqiqə mənim üçün əzizdir”.

Sonuncu səfəri zamanı Alla Puqaçova Bakıdakı Fəxri Xiyabanda da olub, Heydər Əliyev, Zərifə Əliyeva, Müslüm Maqomayevin məzarlarını ziyarət edib, eyni zamanda, Şəhidlər Xiyabanına da gedib.

Onu da əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev A.Puqaçovanı 2009-ci ildə “Dostluq” ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Dİgər xəbərlər