Koronavirusa tutulan, toyunu ləğv edən DJ: “3 ay yata bilmədim...” - SİRLİ ULDUZLAR
27 mart 2020 11:20 (UTC +04:00)

Koronavirusa tutulan, toyunu ləğv edən DJ: “3 ay yata bilmədim...” - SİRLİ ULDUZLAR

 

 

“Əjdaha ürəyi”. Belə adlandırırdılar azarkeşlər onu. Peşəkar karyerasında 1000-dən çox oyun keçirib. Braziliyalı Ronaldo yaşıl meydanlarda üz-üzə gəldiyi ən güclü müdafiəçi adlandırıb onu. Zinəddin Zidan isə onu aldatmağın çətin olduğunu, bu səbəbdən meydanda tez-tez yer dəyişdiyini etiraf edib. “Əgər sürüşmə fəndi edirəmsə, deməli, artıq səhv buraxmışam” - bu, onun ən məşhur ifadəsi olub.

Hazırda həyatının çətin günlərini keçirir. Dünyanı təşvişə salan koronavirus pandemiyasına yoluxduqları üçün kiçik oğlu ilə birlikdə xəstəxanada müalicə almaqdadır. Ancaq bu günləri də geridə qoyacaq. Ən güclü hücumçuların qarşısını kəsən canlı əfsanə koronavirusla mübarizədən də qalib ayrılacaq. Çünki o, Paolo Maldinidir...

25 il doğma klubu “Milan”ın formasını geyinib Paolo. Əsas komandaya gələnə qədər “qırmızı-qaralar”ın aşağı yaş qruplarında oynadığını da nəzərə alsaq, bu müddət 31 ili əhatə edir.

 

3 qızdan sonra doğulan oğul

Paolo 1968-ci il iyunun 26-da Milanda doğulub. Atası - bir vaxtların məşhur futbolçusu və məşqçisi Çezare Maldini onun dünyaya gəlişini səbirsizliklə gözləyirdi. Çünki Mariya-Luiza o vaxta qədər ərinə 3 qız övladı bəxş etmişdi. Oğul həsrətində olan Çezarenin arzusu, nəhayət, reallaşır. Bacıları Monika, Donatella və Valentinadan sonra dünyaya göz açan Paolonun ayağı düşərli olur. Belə ki, ondan sonra Çezare və Mariya-Luizanın daha 2 oğlu - Alessandro və Pyerçezare doğulur.

 

“Bilmirəm, özünüz qərar verin”

6 uşaqlı ailəni dolandırmaq futbolçu karyerasını bitirən Çezare Maldini üçün çətin idi. Ancaq məşqçilik sahəsində də sözünü deməyə başlayandan sonra maddi vəziyyətləri yenidən yaxşılaşır. Atasının davamçısı olacaq Paoloda uşaq yaşlarından “idmanın şahı”na həvəs yaranır. Oğlunun məhəllədəki dostlarından yaxşı mənada fərqləndiyini görən Çezare onu 10 yaşında “Milan”a yazdırır. Həmin yaş üzrə komandanın məşqçisi Çezaredən “oğlun hansı mövqedə oynayır” deyə soruşur. Böyük Maldininin cavabı isə belə olur: “Bilmirəm, özünüz qərar verin”. Paolonu ilk olaraq sağ cinah yarımmüdafiəçisi mövqeyində yoxlayırlar...

 

Ayağına balaca olan butsi ilə debüt edir

20 yanvar, 1985-ci il. İtaliyada hava soyuqdur. Qazonu qardan təmizləsələr də, meydan sürüşkən vəziyyətdədir. “Udineze” ilə qarşılaşan “Milan”ın heyətində yeni Maldini debüt etməyə hazırlaşır. Ancaq yeniyetmənin həmin meydana uyğun butsisi olmadığından, problem yaranır. Köməyinə komanda yoldaşı Rey Uilkins çatır. Paolo ayağına balaca olsa da, onun butsilərini geyinərək meydana ayaq basır. 16 yaş 208 günlüyündə A Seriyasında debüt edən Maldini hələ də qırılmayan rekorda imza atır.

İlk peşəkar oyununu sağ cinah müdafiəçisi mövqeyində keçirir. Sonra müdafiənin əks cinahında, ardınca isə mərkəzində sözünü deməyi bacarır. Qısa zamanda komandanın “dirəyinə” çevrilir. Təsadüfdəndir, ya yox, Paolonun üzə çıxması ilə “Milan”ın “qızıl dövr”ü başlayır.

 

“3 dəfə rəqsə dəvət etdim...”

1987-ci ildə şəxsi həyatını dəyişəcək görüş baş verir. Milandakı diskotekalardan birində model Adriana Fossa ilə qarşılaşır. Ona ilk baxışdan aşiq olan Maldini həmin anı belə xatırlayır: “Adriananı 3 dəfə rəqsə dəvət etdim, ancaq “yox” cavabını eşitdim”. Maraqlıdır ki, həmin vaxt həm Paolo, həm də Adriananın sevgilisi var imiş. Hətta Maldininin toy tarixi də təyin olunubmuş. Ancaq Fossa ilə görüş onun planını dəyişir - toyunu ləğv edir. Paolonun ardınca Adriana da sevgilisindən ayrılır, tanışlıqlarından 1 il sonra isə cütlük birgə yaşamağa başlayır.

 

“Qəribə hiss idi”

Həmin vaxt Paolo artıq U-21 millisinə çağırılırdı, özü də komandanın baş məşqçisi olan, atası Çezare Maldini tərəfindən. Böyük Maldininin bu haqda fikirləri maraq doğurmaya bilməz: “Paolonu yığmada görmək istəyirdim, amma bu, əlavə söz-söhbətlərə yol aça bilərdi. Ona xəbərdarlıq etdim. Dedim ki, ata-oğul məsələsi ilə bağlı mətbuatda hər nə gəldi, yazacaqlar. Mənə qısa cavab verdi: “Öhdəsindən gələcəyəm”.

“Atam əvvəlcə U-21-də məşqçim olub. Sonra əsas millidə onun rəhbərliyi altında oynamışam və DÇ-1998-ə birlikdə getmişik. Sonuncu işbirliyimiz isə 4 ay ərzində “Milan”da olub. Atamın mənə məşq keçməsi qəribə hiss, qeyri-adi təcrübə idi” - bu isə Paolonun fikirləridir.

 

Xanımına görə radiodakı işindən çıxır

1988-ci ildən əsas milliyə dəvət alan Maldininin 1994-cü il, dekabrın 14-də uzun müddətdir birlikdə yaşadığı Fossa ilə toyu olur. 1996-cı il, iyunun 14-də cütlüyün ilk övladı - Kristian dünyaya gəlir. Həmin vaxt Paolo İtaliya yığmasının heyətində Avropa çempionatında iştirak edirmiş. İkinci oğlu Daniel isə 5 il sonra - 2001-ci il, oktyabrın 12-də doğulur.

Övladları olandan sonra Adriana Paolodan xahiş edir: daha DJ-lik etmə, ailənə çox vaxt ayır. Sən demə, hamının güclü futbolçu kimi tanıdığı Maldininin gizli hobbisi olub. Musiqini çox sevən Paolo hətta vacib turnirlər zamanı da “Rete 105” radiosunda DJ kimi işləməyə vaxt tapırmış. Həyat yoldaşının sözünü yerə salmır və sevimli məşğuliyyətindən imtina edir.

 

“Məsələni paltardəyişmə otağında həll etdik”

Bütün fikrini ailəsinə və futbola yönəldən Maldini “Milan”da böyük uğurlar qazanır, kapitan sarğısı ona həvalə olunur: “Baş məşqçimiz Fabio Kapello Franko Barezidən sonra kimin kapitan olacağını soruşdu. Kostakurta və digər futbolçular da bu hüquqa layiq idi. Məsələni paltardəyişmə otağında həll etdik və yeni kapitan mən oldum. Üzərimə məsuliyyət götürməkdən heç vaxt qorxmamışam”.

Paolo 1995-ci ildə “Qızıl top” mükafatına əsas namizədlərdən olsa da, komanda yoldaşı Corc Veaya uduzur. Buna baxmayaraq, “Milan”da ümumilikdə 25 titul qazanmağı bacarır: 7 dəfə A Seriyasının, 1 dəfə İtaliya Kubokunun, 5 dəfə İtaliya Superkubokunun, 5 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Superkubokunun, 2 dəfə İnterkontinental Kubokunun, 1 dəfə isə Klublararası dünya çempionatının qalibi olur.

 

“Az qala əlbəyaxa davaya çıxacaqdıq”

Bu qədər uğura baxmayaraq, Maldini üçün ən unudulmaz görüş “Liverpul”la 2005-ci ildə İstanbulda keçirdikləri Çempionlar Liqasının finalıdır: “Karyeram ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olmuşam, 3 dəfə isə finalda uduzmuşam. Lakin mənim üçün ən ağrılı, yaddaşımdan silə bilmədiyim final İstanduldakıdır. İlk hissədə 3:0 hesabı ilə önə keçib, sonra ardıcıl 3 qol buraxmaq və penaltilər seriyasında uduzmaq... Kabus idi, 3 ay yata bilmədim. Halbuki əla oyun keçirmişdik. Onu dəqiq deyə bilərəm ki, həmin görüşdə “Liverpul”dan yaxşı idik. İstanbuldan qayıdanda hava limanında bizə hücumlar başlandı. “Siz bizdən üzr istəməlisiniz” deyə qışqırırdı azarkeşlər. Uzun illər “Milan”a xidmət etmiş mən 20 yaşlı oğlandan üzr istəməliydim? Nəyə görə? Əla oynadığımız matçda məğlub olduğumuza görə? Aeroportda bizi pis təhqir etdilər. Az qala azarkeşlərlə əlbəyaxa davaya çıxacaqdıq”.

Tənqid və təhqirlərə baxmayaraq, Maldini üçün “Milan” həmişə əziz olub: “Çünki əsl milanlıyam. Bu şəhər və komandası üçün çox şey etmişəm. Əvəzində məni bir yox, bir neçə dəfə təhqir edib, özümdən çıxarıblar. Amma elə şeylərə görə heç vaxt sınmamışam, əksinə daha da güclü olmuşam”.

 

“Ona “Milan”ı tərk etməyəcəyimi dedim”

Bir gün Paolonun yanına sürpriz qonaq gəlir. Kim olur o? Özündən eşidək: “Oteldə idik. Mənə dedilər ki, sənin yanına bir adam gəlib. Qarşılamağa çıxanda həmin şəxsin “Real”ın prezidenti Florentino Peres olduğunu gördüm. Uzun müddət məni “Real”a keçməyə razı salmağa çalışdı. Ancaq ona istənilən təklifə rəğmən, “Milan”ı tərk etməyəcəyimi dedim”.

14 il İtaliya yığmasının şərəfini qoruyan (126 oyun, 7 qol), 2002-ci ildə isə milli karyerasını bitirən Maldini “Skuadra Adzurra” ilə heç vaxt çempionluq sevinci yaşamayıb. Əvəzində o, yığma ilə vidalaşandan 4 il sonra italyanlar dünya çempionu olurlar: “4 dünya, 3 Avropa çempionatında oynasam da, heç birində çempionluq sevinci yaşamamışam. Milli karyeramı bitirən kimi İtaliya dünya birincisi oldu. Gülməli olsa da, belədir”.

 

“Övladlarımın eyni vəziyyətlə üzləşməsini istəmədim”

2009-cu il. Böyük karyeranın sonu. “Fiorentina” ilə may ayında keçirilən görüş 41 yaşlı Maldininin vida oyunu olur. Paolonun “Milan”da geyindiyi “3 nömrə” əbədiləşdirilir. Qərara alınır ki, “rossonyerlər”in heyətində həmin formanı ancaq Maldininin övladları geyinə bilərlər...

Övladlarından söz düşmüşkən, hər iki oğlu - həm Kristian, həm də Daniel atasının davamçısı olur. Kristian ümidləri doğrultmur. Əvəzində bu yaxınlarda “Milan”la peşəkar müqavilə imzalayan Danielə inam böyükdür. Hazırda “Milan”ın texniki direktoru vəzifəsini tutan Paolo Maldini oğullarına görə kiməsə ağız açmağı xoşlamır: “Milan”ın əsas komandasına keçənə qədər məni “Çezarenin oğlu” deyə çağırırdılar və oynamağımın ancaq bununla bağlı olduğunu düşünürdülər. Rəqib futbolçular bir yana, öz komanda yoldaşlarımın valideynləri də bunu açıq şəkildə deyirdi. Övladlarımın eyni vəziyyətlə üzləşməsini istəmədim. Heç vaxt məşqçiləri ilə onlar barədə bir kəlmə də danışmamışam. Sadəcə, izləyirəm. Mənim üçün onların futbolda ad qazanıb-qazanmayacaqları böyük önəm kəsb etmir. Əsas odur ki, xoşbəxt olsunlar”.

 

“O “Milan”ı məhv etdilər”

2016-cı ildə atasını itirən Paolo son illərin “Milan”ından narazıdır: “Hazırkı “Milan” mən oynadığım dövrdəki komandanın yalnız kölgəsidir. O “Milan”ı məhv etdilər. Bizim vaxtımızda komanda çox güclü idi. Derbidə “İnter” üzərində 6:0 hesablı qələbəni heç vaxt unutmayacağam. Həmin vaxt “Milan”ı atam çalışdırırdı. Doğma klubumun heyətində inanılmaz futbolçulara qarşı oynamışam. Ancaq onlardan 2 nəfəri xüsusi fərqləndirərdim: Dieqo Maradona və braziliyalı Ronaldonu. Müasir futbolda isə Lionel Messini bəyənirəm. O, driblinq edir, rəqib müdafiəçiləri aldadır və qol imkanı yaradır”.

 

 

 

# 699
avatar

Rizvan Babayev

Oxşar yazılar