811
08:21
02 Fevral 2020

ABŞ-da koronavirusa yoluxanların sayı 8-ə çatdı


ABŞ hökuməti ölkədə koronavirusa 8 yoluxma hadisəsinin olduğunu təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə şənbə günü Massaçusets ştatının Səhiyyə Departamentinin saytında bildirilib.

Qeyd edilib ki, virusa yoluxan 8-ci şəxs Bostonda yaşayan, Çinin Uhan şəhərindən qayıdan 20 yaşlı gəncdir: “ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Dövlət Səhiyyə İdarəsinə və Boston İctimai Sağlamlıq Komissiyasına verdiyi məlumata görə, testlərin nəticələri müsbət olub. O, Çindən qayıtdıqdan qısa müddət sonra səhhətində yaranmış problemlə bağlı tibb müəssisəsinə müraciət edib”.

Hazırda xəstə xüsusi palataya yerləşdirilib, həkimlərin nəzarətində müalicəsi davam etdirilir.

Son məlumatlara görə, koronavirusa yoluxanlardan 3 nəfər Kaliforniyada, 2-si İllinoysda, digərləri isə müvafiq olaraq Arizonada, Vaşinqtonda və Massaçusets ştatındadır.

Xəstəlik Çin də daxil olmaqla 23 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını qlobal təhlükə elan edib.

Qeyd edək ki, bu günə qədər Çində virusa yoluxanların sayı 13,8 min nəfəri keçib, ölənlərin sayı isə 304-a çatıb.