Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün YENİ LAYİHƏ
27 yanvar 2020 16:59 (UTC +04:00)

Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün YENİ LAYİHƏ

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Salam, Azərbaycan!” adlı layihə həyata keçirilir.

Bu barədə Lent.az-a Dilçilik İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, layihənin əsas məqsədi Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq A, B, C səviyyələri üzrə dərs vəsaitləri dəsti hazırlamaqdır.

Yeni dərs vəsaitləri filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru Mayıl B. Əsgərovun rəhbərliyi ilə hazırlanır.

Hazırda  A və B səviyyələri təqdim edilən bu vəsaitlər dəsti Azərbaycan dilini rus və ingilis dilləri bazasında öyrənmək istəyən əcnəbilər üçün nəzərdə tutulub. Bu dərs vəsaitləri dəsti hər dil üzrə 5  kitabdan ibarətdir.

Dərs vəsaitləri dəstindən, əsas etibarı ilə, Azərbaycanın elmi-tədqiqat institutlarında və ali məktəblərində doktorantura, magistratura və ya bakalavr səviyyələrində təhsil almaq istəyən əcnəbilər, eləcə də Azərbaycan dilini əsaslı şəkildə öyrənmək istəyən digər şəxslər istifadə edə bilər.

Təqdim edilən dərs vəsaitləri indiki kitab versiyası ilə də Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi işinə xidmət edən ən müasir dərs kitablarıdır.

Təhsil almaq və işləmək məqsədi ilə Azərbaycana gələn əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün xüsusi mərkəz yaratmaq, dil öyrənmə kursları təşkil etmək və yaxud da mövcud təhsil müəssisələri bazasında bu dərs vəsaitlərinin köməyi ilə dilimizi onlara öyrətmək mümkündür.

Azərbaycan dilini və dolayısı ilə Azərbaycanı dünyada təbliğ edən bu dərs vəsaitləri dəstini kütləvi tirajla nəşr edib Azərbaycan Səfirlikləri, Konsulluqları, Diaspora təşkilatları xətti ilə xarici ölkələrdə yaradılmış “Azərbaycan evləri”ndə və digər bənzər mərkəzlərdə dilimizi əcnəbilərə və digər şəxslərə tədris etmək mümkündür.

Qeyd edək ki, XIX əsrin ortalarından bu günə qədər Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün peşəkar səviyyədə 5 dərs vəsaiti və ya dərs kitabı hazırlanıb.

 

 

# 1268
avatar

Aygün İbrahimli

Oxşar yazılar