Son zamanlar ölkənin yeganə musiqi kanalı olan MTV Azərbaycan kanalında böyük canlanma hiss olunur.
Lent az. xəbər verir ki, ölkənin bütün musiqi camiyəsi, demək olar ki, kanalla bağlı müsbət fikirlər səsləndirir. Biz də öz növbəmizdə bu barədə kanalının təsisçisi Xudaverdi Hacıyevlə həmsöhbət olduq.
Xudaverdi Hacıyev bildirdi ki, kanalın əsas uğuru onun əsl və keyfiyyətli Azərbaycan musiqisinin təbliği ilə məşğul olmasından irəli gəlir. Bu gün istər müasir, istər də milli və retro musiqisini dinləmək istəyən tamaşaçı rahatlıqla kanalımıza baxa bilir. Bununla yanaşı, Azərbaycan mədəniyyəti və incəsənəti, şou-biznes aləmində baş verən ən mühüm və maraqlı hadisələrin xəbər toplusu, müxtəlif səpgidə keçirilən qala konsertlər və tədbirlər və bir neçə orijinal televiziya verilişləri MTV Azərbaycan kanalında tamaşaçılara təqdim olunur.
Son bir ildə isə Azərbaycan musiqisinin ən parlaq simaları kanalımızın yaratdığı şəraitdən irəli gələrək ard-arda yeni kliplər çəkdirir və onları eksklüziv olaraq bizim kanala verirlər. Kanalımızın ən ümdə vəzifəsi bundan sonra da milli köklərə dayanaraq, həmçinin müasir tamaşaçının da zövqündə olan musiqilər təqdim etməkdir.
Yeri gəlmişkən, Xudaverdi müəllimdən son günlər kanalda baş verən kadr dəyişikliyi və kanalda çalışan bəstəkar-müğənni Rəhim Rəhimlinin işdən uzaqlaşdırılması ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirməsini xahiş etdik. X.Hacıyev bildirdi ki: "Rəhim Rəhimli MTV kanalında qeyri-rəsmi olaraq çalışırdı. O, kanalın musiqi tərtibatı ilə bağlı bəzi məsələlərdə öz köməyini göstərirdi. Hazırda isə Rəhim Rəhimli xarici ölkələrdə olan konsert proqramları, gərgin yaradıcılıq işləri və tədbirlərinin çox olması səbəbindən qarşılıqlı anlaşma şəraitində kanalla yollarını ayırıb".