Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğun İstanbulun Göktürk səmtində yerləşən evində aparılan təmir işləri zamanı fəhlənin ağır yaralanması gündəm olub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, Türkmənistan vətəndaşı olan fəhlə təmizlik məqsədilə çıxdığı damdan yıxılıb. Ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib və reanimasiyaya alınıb.
Hadisədən sonra təmir işlərini həyata keçirən şirkətin sahibi ilə bağlı da diqqətçəkən iddialar ortaya çıxıb. Bildirilib ki, şirkət sahibi polis bölməsində olarkən özünü Kıvanç Tatlıtuğun vəkili kimi təqdim edən şəxsin ona “boya və təmir” müqaviləsi imzalatdığını iddia edib.
Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan şirkət sahibinin daha sonra Kıvanç Tatlıtuğ və onun vəkili İbrahim Ateş barəsində şikayət etdiyi irəli sürülüb.
Məsələ ilə bağlı aktyorun vəkili İbrahim Ateş açıqlama yayıb. O, mediada yayılan məlumatlarda yanlışlıqlar olduğunu bildirib. Vəkilin sözlərinə görə, hadisə avqustun 31-də baş verib və həmin vaxt Kıvanç Tatlıtuğ ailəsi ilə birlikdə şəhərdən kənarda olub.
Açıqlamada evin bağçasındakı təmir və tikinti işlərinin Göktürkdə fəaliyyət göstərən şirkət tərəfindən aparıldığı qeyd edilib.
İbrahim Ateş bildirib ki, işlərin dördüncü günündə şirkət nümayəndəsi gündəlik əməkhaqqı ilə çalışan həmin fəhləni Kıvanç Tatlıtuğun və onun əməkdaşlarının məlumatı, icazəsi və razılığı olmadan əraziyə gətirib. Vəkilin sözlərinə görə, şirkət nümayəndəsi polisə verdiyi ifadəsində də bu faktı təsdiqləyib. Ateş, həmçinin hadisə ilə əlaqədar Kıvanç Tatlıtuğ barəsində qanunvericiliyə uyğun olaraq hər hansı istintaq aparılmadığını bildirib.
Aktyorun hadisədən sonra ağır yaralanan fəhlənin ailəsi ilə əlaqə saxladığı da açıqlanıb. Kıvanç Tatlıtuğun xəstəxana, qulluq və müalicə prosesində, eləcə də xərclərin qarşılanmasında yaralının ailəsinə dəstək göstərdiyi və bu dəstəyin davam etdiyi qeyd olunub.
Vəkil İbrahim Ateş hadisənin baş verməsinə səbəb olduğu hesab edilən şəxslər barəsində şikayət ediləcəyini və məhkəməyə müraciət olunacağını da açıqlayıb.