Türkiyəli məşhur aktrisa Hande Erçel yeni beynəlxalq film layihəsində rol alacaq.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada çəkəcəyi “Diaspora” filmində baş rolu canlandıracaq.
Hande Erçel filmdə həyat yoldaşını Türkiyədə itirdikdən sonra 12 yaşlı oğlu ilə Almaniyaya köçən Merve obrazına həyat verəcək.
Hadisələr Berlində cərəyan edəcək. Yeni həyat qurmağa çalışan Merve alman ailəsinə məxsus dil məktəbində işləməyə başlayacaq. Lakin ailənin oğlunun nalayiq davranışları ilə üzləşən qadın başına gələnləri açıqladıqdan sonra çətin mübarizəyə başlayacaq.
Alman, ingilis və türk dillərində çəkiləcək filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır.
Hande Erçelin çəkilişlərdən təxminən bir ay əvvəl Berlinə gedərək dil dərslərində və məşqlərdə iştirak edəcəyi gözlənilir. Filmdə aktrisaya alman aktyor Moritz Bleibtreu tərəf müqabili olacaq. O, Mervenin işlədiyi ailənin atasını canlandıracaq.
Ekran əsərinin prodüserləri Said Nur Akkuş və Emre Oskaydır. Digər aktyor heyətinin yaxın həftələrdə açıqlanacağı bildirilir.