702
17:25
08 Yanvar 2020

FHN yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyətini davam etdirir

Yanvarın 8-də Bakının Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən restoranların birində propan qaz balonundan istifadə olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə daxil olmuş məlumat əsasında Xidmətin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

FHN-dən APA -ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, obyekt dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və restoran kimi fəaliyyət göstərir. Əməkdaşlar tərəfindən müəyyən edilib ki, obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürən alətlə təmin olunub, icbari qaydada sığortalanıb. Lakin obyektdə binanın arxa fasadına bitişik hissədə - yaşayış binasının həyətində yerləşən dəmir qutunun içərisində quraşdırılmış propan qaz balonundan istifadə edilir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.

Qeyd olunanları nəzərə alaraq, FHN əməkdaşları tərəfindən aşkar olunmuş propan qaz balonunun təhlükə mənbəyi olması barədə obyektin icarədarına ətraflı izahat verilib, akt tərtib olunaraq propan qaz balonunun quraşdırıldığı yaşayış binasının ərazisindən çıxarılması və icarədar tərəfindən gələcəkdə bu halın bir daha təkrarlanmaması barədə öhdəlik götürməsi təmin olunub.

Fövqəladə Hallar Nazirliyi, bir daha vətəndaşlara, o cümlədən iş adamlarına, sahibkarlara müraciət edərək, fərdi və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.