5439
20:15
07 Yanvar 2020

Maraqla gözlənilən hadisə: bu tarixdə dünya niyə dağılmadı?

2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Bu ilin ilk Ay tutulması yanvar ayının 10-dan 11-nə keçən gecə baş verəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Ay tutulması ilə bağlı xəbərlər insanlarda çox vaxt narahatlıq yaradır və təşvişə səbəb olur.

Məsələ ilə bağlı Lent.az -a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, bu cür qorxulu proqnozlarla insanları vahimə içərisində saxlayırlar.

Bəs əslində Ay tutulması nədir?

Ay tutulması günəş təqviminə birbaşa bağlıdır. Ay, Yer kürəsindən 400 dəfə diametrik Ay məsafəsində və Günəş uzaqlığı şəkilində tutulmaqdadır. Yerin saldığı kölgə konusunun uzunluğu Yerin Günəşə nəzərən məsafəsindən asılıdır. Yerin kölgəsinin eni 9733 km-dir. Ay tutulması onun qərb tərəfinin kölgəyə daxil olması ilə başlayır və həmin kənarın kölgədən çıxması ilə bitir. Tutulmanın nə vaxt və hansı müddət ərzində baş verdiyi isə, riyazi hesablamalar vasitəsilə müasir dövrdə dəqiqliklə hesablanmaqdadır.


İlk Ay tutulması nə vaxt baş verib?


İlk Ay tutulması 1050-ci ildə Çində müşahidə edilib.
Keçən əsrin ən uzunmüddətli Ay tutulması Filippində müşahidə edilb. 20 iyun 1955-ci ildə müşahidə edilən tutulma, 7 dəqiqə 8 saniyə davam edib.
2018-ci il 31 yanvar tarixində, 152 il öncə yaşanmış, möhtəşəm Ay tutulmasının təkrarı yaşanıb. Bu tutulma bütün dünyanın maraqla gözlədiyi hadisə idi. Çünki bu cür göy üzü hadisəsi sonuncu dəfə 31 mart 1866-cı ildə baş verib. Tutulma 1 saat 17 dəqiqə müddətində davam edib. XXI əsrin ən uzun “Qanlı Ay” tutulması hadisəsi isə 27 iyul 2018-ci ildə baş verib. Tutulma hadisəsi 1 saat 43 saniyə çəkib. Növbəti ən uzun Ay tutulmasının isə, 3043-cü ildə olacağı gözlənilir.


2018-ci il iyulun 27-də baş verən ikinci Ay tutulması ilə bağlı qorxunc proqnozlar səsləndirilsə də, onlar öz təsdiqini tapmadı. Belə ki, həmin günün dünyanın sonu olacağı deyilsə, də bu baş vermədi. Xristianlardan ibarət bir qrup şəxsin yaratdığı “Endtime Ministries” təşkilatı “İncil”də yer alan bəzi kəhanətlərə əsasən, 27 iyulun qiyamət günü olacağı ilə bağlı iddia irəli sürmüşdü.
Alimlər isə “Qanlı Ay” tutulmasının dünyanın sonunun gəlməsi ilə heç bir əlaqəsinin olmadığını düşünürdülər.
Ümumiyyətlə, Ay və Günəş tutulmaları ilə bağlı çox vaxt qorxulu proqnozlar, kəhanətlər səsləndirilir. Ancaq verilən proqnozlar heç vaxt gerçək olmur.
Bəs Ay və Günəş tutulması dünya və insanlar üçün hansısa təhlükə vəd edirmi?
Xıdır Mikayılovun sözlərinə görə, verilən proqnozlar cəfəngdir və heç bir əsası yoxdur:

“Ay və Günəş tutulmaları ilə bağlı verilən qorxulu proqnozlar hansısa işbazlar tərəfindən ortaya atılır. Ümumiyyətlə. tutulmalar adi kosmik hadisələrdir. Bunların dünya və insanlar üçün heç bir təhlükəsi yoxdur. Dünyanın dağılması və s. proqnozlar inandırıcı deyil. Günəş sistemi yaranandan tutulma hadisələri olub və bundan sonra da olacaq. İndiyə kimi bu kosmik hadisələrin heç bir ziyanını görməmişik”.
X. Mikayılov tutulma hadisələri ilə bağlı yayılan proqnozları oxumadığını da qeyd edib:
“Onlar hamısı boş informasiyalardır. Məsələn, ötən il 27 iyulda dünyanın dağılacağını iddia edirdilər. Dünya dağıldımı? Xeyr. Bu cür proqnozlar insanlara sadəcə psixoloji təsir göstərir. Ay və Günəş tutulmasının insan orqanizminə heç bir təsiri yoxdur”.