546
09:24
23 Dekabr 2019

Uşaqlar Ağ Evin qarşısında “Cücələrim” rəqsi etdilər - FOTO

Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Milli Park Xidməti və Prezident Parkının dəstəyi ilə Ağ Evin qarşısında təşkil edilən Yeni İl musiqi şənliyində çıxış ediblər.

Lent.az xəbər verir ki, Azərbaycan məktəbinin şagirdləri müstəsna hal olaraq adıçəkilən tədbirdə çıxış etmək üçün seçilərək dəvət olunublar.

Tədbirin təşkilatçılarından biri məktəb haqqında məlumat verərək şagirdləri səhnəyə dəvət edib. İlk olaraq 4-6 yaşlı uşaqlar “Cücələrim” rəqsini, daha sonra digər qruplar Popurri və Eynur rəqslərini nümayiş etdiriblər. Sonda məktəbin şagirdləri birlikdə Yeni il gəldi mahnısını xorla ifa ediblər. Çıxışlar çoxsaylı ziyarətçilər tərəfindən heyranlıqla izlənilib. Tədbir ABŞ mediasında da geniş işıqlandırılıb.

Qeyd edək ki, prezident parklarından biri olan Ellips parkında yerləşən ABŞ-ın Milli Milad və Yeni il Yolka ənənəsinin 90 il əvvəl prezident Kalvin Kulicin dövründə əsası qoyulub. Hər il çoxsaylı turist buranı ziyarət edir. Bu il yolka ətrafındakı piyada yolda hər yolka ağacı üçün fərqli olaraq əl işləri ilə bəzədilmiş ştat və əraziləri təmsil edən 56 kiçik yolka ağacları qurulub.

Xatırladaq ki, ABŞ-ın Milli Park Xidməti Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Məktəbinin tələbələrinin milli rəqsini öz aylıq təqviminin (avqust, 2019) üz səhifəsində yerləşdirib. Milli Park Xidməti ABŞ-da ətraf mühiti, təbii resursları və mədəni irsi qorumağa məsul Daxili Məsələlər Departamentinə tabedir.

Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. 2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Dövlət Bayraq Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı ilə əlaqədar tədbirlərlə yanaşı, şagirdlər Səfirlik və Ticarət Palatasında keçirilən müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında, “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında çıxış ediblər.