Ötən ilin sentyabr ayında İstanbulun Bakırköy ərazisində azərbaycanlı iş adamı Etimad İsmayılovu öldürdüyü iddia edilən Azərbaycanın keçmiş polis rəisi Gözəl Dəmirov barəsində ittiham aktı elan edilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Etimad İsmayılovun Gözəl Dəmirovla iş ortağı olduğu və bunun üçün tez-tez görüşdükləri qeyd edilib. Şübhəli ifadəsində hadisənin baş verdiyi günü Etimadın ona zəng edib, təhdid etdiyini bildirib.
İttiham aktında prokuror təqsirləndirilən Gözəl Dəmirovu əvvəldən hazırlıq görməklə adam öldürmək cinayətində ittiham edib və ömürlük həbs cəzası tələb edib.
Cinayətin törədilməsinə kömək etməkdə təqsirləndirilən Barış Aslana isə 15 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə cəzası istənilib.
Bundan başqa, "sənədsiz silah saxladığına görə" hər iki şəxsə bir ildən üç ilədək həbs cəzası tələbi irli sürülüb.