Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT - YENİLƏNİB
07 noyabr 2019 17:58 (UTC +04:00)

Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT - YENİLƏNİB

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.

Firudin Qurbanov həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunub. 

Nazir müavini çıxışının sonunda varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Bayraq yürüşünün birliyimizin göstəricisi olduğunu deyib. 

Millət vəkili Aydın Mirzəzadə isə öz növbəsində qeyd edib ki, bu yürüş ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin dəstəkləndiyini, xalqımızın milli dəyərlərimizə bağlılığını göstərir. 

Birlik komandirinin müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnı və rəqslər ifa olunub. 

Yürüşdən sonra Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi kollecinin kollektivi ilə görüşüb, müəllim və tələbə heyəti ilə söhbət aparıb.

Sonra “N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edilib.

***

11:52

 

Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilir.

Lent.az-ın xəbərinə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirlər.

 

# 1731
avatar

Aygün İbrahimli

Oxşar yazılar